RU

Ağsu–Çaparlı–Göylər yolunun yenidən qurulması üçün təkliflər hazırlanıb  

Ağsu rayonundan keçən və 26 kilometr uzunluğa malik Ağsu–Çaparlı–Göylər avtomobil yolu bölgənin ən işlək nəqliyyat yollarından biridir. Bu yol təkcə Ağsunun 11 kəndində yaşayan təxminən 10 min nəfərin gündəlik gediş-gəlişini təmin etmir, həm də Şamaxının iki yaşayış məntəqəsinin sakinləri üçün əsas bağlantı rolunu oynayır. Üstəlik, bu yol Ağsu aşırımı bağlandığı vaxtlarda sürücülərin ən çox üz tutduğu alternativ marşrut hesab olunur.

AZƏRTAC xəbər verir ki, yolun xüsusilə Ağsudan Şamaxıya doğru uzanan hissəsində hər iki zolaqda çökmələr və qabarmalar müşahidə edilir. Sürücülər bildirirlər ki, yolun hazırkı durumu nəinki gündəlik hərəkəti çətinləşdirir, həm də təhlükəsizlik baxımından ciddi problemlər yaradır. Kəndlərdə yaşayan sakinlərin sözlərinə görə, yolsuzluq səbəbindən bağ və bostan məhsullarını vaxtında bazara çıxarmaqda çətinlik çəkirlər.

Ağsu sakini Pənah Məmmədov deyir ki, şəxsi avtomobili olsa da, yolun vəziyyəti tez-tez nəqliyyat vasitəsindən nasazlıqlara səbəb olur: “Bu maşının dərdindən, bu yolun dərdindən bəzən məcbur olub yol maşını ilə gedib-gəlirəm. Artıq təmirdən yorulmuşuq. Özünüz də görürsünüz, yollar nə gündədir”.

Sürücü Elman Süleymanov isə bildirir ki, yolun bərbad vəziyyəti təcili tibbi yardım və digər xüsusi xidmətlərin işinə də mane olur: “Təcili tibbi yardımı çağırırsan gec gəlir, bəzən ümumiyyətlə çata bilmir. Bu yol alternativ yoldur. Ağsu aşırımı qış aylarında bağlananda bütün nəqliyyat vasitələri buradan hərəkət edir. Sabirabad, Bakı, Şamaxı, Qobustan, Şirvan və digər rayonların əlaqəsi bu yolla təmin olunur. Ona görə də yolun vəziyyəti çox vacibdir”.

Şamaxının Çöl Bağırlı kənd sakini Amil Səmədov isə bildirir ki, əvvəllər Ağsuya aparan 20 dəqiqəlik məsafə yolsuzluq səbəbindən artıq bir saata başa gəlir. Onun sözlərinə görə, yol üzərində yaranan dərin çalalar və hündür qabarmalar tez-tez qəzalara səbəb olur: “Xüsusən gecə saatlarında çox təhlükəlidir. Qarşıdan gələn maşın anidən çökəkliyə düşməmək üçün manevr edir və nəticədə qəzalar baş verir”.

Yolun yalnız hərəkət hissəsi deyil, çiyinləri də tamamilə yararsız hala düşüb. Mütəmadi olaraq buradan keçən ağır tonnajlı yük avtomobilləri yolun vəziyyətini daha da pisləşdirir. Bu durum bölgədə gediş-gəliş qiymətlərinə də təsir göstərir.

Şamaxı sakini Ramiz Rəsulov deyir ki, problem təkcə sürücülərə deyil, avtomobili olmayan sakinlərə də əlavə xərc yaradır: “Taksi əvvəllər xidmət haqqı olaraq 15 manat tələb edirdisə, indi qiymətlər ikiqat artıb. Maşını olanların da ehtiyat hissələri tez sıradan çıxır. Görünən odur ki, yol çəkilişinin həyata keçirilməsi zamanı işlər kifayət qədər keyfiyyətli həyata keçirilmədiyindən və ağır tonnajlı maşınlar keçdikcə tez sıradan çıxıb”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirildi ki, sözügedən yolun əsaslı şəkildə yenidən qurulması üçün təkliflər hazırlanaraq dövlət investisiya proqramına daxil edilməsi üçün aidiyyəti üzrə təqdim olunub: “Həmin təkliflər investisiya proqramına daxil edildikdən sonra yolun əsaslı şəkildə yenidən qurulması agentlik tərəfindən təmin olunacaq”.

Избранный
9
azerbaijan-news.az

1Источники