RU

Fərid Şəfiyev: Regionda həm Azərbaycan, həm də Türkiyə üçün mühüm proseslər baş verir

Şuşa, 25 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və Türkiyədə fəaliyyət göstərən Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə iki ölkənin düşüncə mərkəzlərini bir araya gətirən forumun Şuşada keçirilməsi həm rəmzi, həm də siyasi əhəmiyyət daşıyır. Çünki məhz Şuşada Azərbaycan və Türkiyə arasında müttəfiqlik haqqında Bəyannamə qəbul olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Şuşada keçirilən forumda jurnalistlərə açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev söyləyib.

"Artıq beş ildir Azərbaycan Zəfər Gününü qeyd edir və bu müddət ərzində regionda və regionun yaxın çevrəsində həm Azərbaycan, həm də Türkiyə üçün mühüm proseslər baş verir. Bu proseslər yeni imkanlar yaratmaqla yanaşı, dərin təhlil tələb edən çağırışları da gündəmə gətirir. Məhz bu səbəbdən iki ölkənin düşüncə mərkəzlərinin nümayəndələrinin iştirakı ilə fikir mübadiləsi təşkil olunub. Foruma Yaxın Şərq üzrə ixtisaslaşan OSAM, İran mövzularını araşdıran İRAM və digər nüfuzlu Türkiyə düşüncə mərkəzlərinin nümayəndə heyətləri qatılıb. Görüş çərçivəsində bir sıra əsas istiqamətlər üzrə mövcud vəziyyət və perspektivlər müzakirə olundu. Azərbaycan və Türkiyə arasında xarici siyasət başda olmaqla müxtəlif sahələrdə sıx əlaqələndirmə aparılır. Xüsusilə Cənubi Qafqazda, Ermənistanla bağlı proseslərdə iki ölkənin addımlarının paralel şəkildə atıldığı artıq aydın görünür. Bununla yanaşı, yeni istiqamətlər də formalaşır. Mərkəzi Asiya üzrə C6 platformasına Azərbaycanın qoşulması həm regional əməkdaşlığı genişləndirir, həm də Türkiyənin bu regiondakı maraqları ilə uzlaşır. Türk Dövlətləri Təşkilatını aşan, daha geniş gündəm üzrə ortaq fəaliyyət imkanları yaranır"

Noyabrın 24-də Şuşa şəhərində Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu keçirilib. Forumda iki ölkənin aparıcı analitik qurumlarının rəhbərləri, ekspertlər və akademik çevrələrin nümayəndələri iştirak edib.

Избранный
85
2
azertag.az

3Источники