RU

Türk dünyasının vətəndaş cəmiyyəti bir arada: Yeni həmrəylik məkanı formalaşır ŞƏRH

Bakı, 24 noyabr, AZƏRTAC

Bakıda başlayan və Naxçıvanda davam edəcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu Türk dünyasında vətəndaş cəmiyyəti əməkdaşlığının yeni mərhələsi kimi qiymətləndirilir. Tədbirin açılışında Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətin səsləndirilməsi bu təşəbbüsün rəsmi səviyyədə nə qədər yüksək qiymətləndirildiyini göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.

Onun sözlərinə görə, forumda Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın, Türkmənistanın, Macarıstanın və Şimali Kipr Türk Respublikasının QHT nümayəndələrinin iştirakı ilə müxtəlif panellər keçirildi. Bakıdakı proqramda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr, Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlıq sessiyası diqqət mərkəzində oldu. Azərbaycan bu prosesin təşkilinə rəhbərlik etməklə bir daha sübut etdi ki, Türk dünyasında həm siyasi, həm mədəni, həm də ictimai əməkdaşlığa töhfə verməkdə ardıcıl xətt yürüdür.

“Prezident müraciətində bildirdi ki, ilk dəfə məhz TDT adı altında QHT-lərin ayrıca birgə platformada toplaşması Türk dünyasında əlaqələrin dərinləşməsi baxımından strateji hadisədir. Prezident müasir dövrdə bu ölkələr arasında mədəni və intellektual əməkdaşlığın yeni vasitələrlə davam etdirilməsinin vacibliyini vurğuladı.

Son illər ölkəmizin QHT sektorunda həyata keçirdiyi islahatlar, qlobal və regional əməkdaşlıq təşəbbüsləri və vətəndaş cəmiyyəti institutlarının fəallaşması türk dövlətləri ailəsi üçün model kimi qəbul olunur. Forumun keçirilməsi, xüsusilə də yeni QHT Platformasının yaradılması türk dövlətləri arasında ictimai diplomatiyanın güclənməsinə, müştərək dəyərlərin daha səmərəli şəkildə təbliğinə və gələcək birgə təşəbbüslərin koordinasiyasına geniş imkanlar açır. Gözlənti ondan ibarətdir ki, bu addım türk xalqlarını daha sıx bağlayan humanitar, sosial və inteqrasiya layihələrinin artmasına səbəb olacaq. Azərbaycanın təşəbbüsü ilə start verilən bu proses həm regionun ictimai-siyasi gündəliyinə, həm də Türk dünyasının uzunmüddətli birliyinə mühüm töhfədir. Bu, QHT-lərin rolunu yüksəldən, onları dövlətlərarası əməkdaşlığın fəal tərəfinə çevirən yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir”, - deyə R.İskəndərli vurğulayıb.

 

Избранный
59
1
azertag.az

2Источники