RU

Qazaxstanlı ekspert: Azərbaycan və Mərkəzi Asiya ölkələri Orta Dəhlizi sabitlik məkanına çevirir

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 24 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Son illərdə Azərbaycan və Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat yaxınlaşması Orta Dəhlizin sabitlik platforması kimi formalaşmasına imkan yaradıb. Regionların geosiyasi deyil, məhz sabitlik və əməkdaşlıq məkanı kimi təqdim olunması dəhlizin dayanıqlı inkişafını şərtləndirir. Azərbaycan bu prosesdə bağlayıcı rol oynamaqla yeni inteqrasiya mərhələsinin əsas hərəkətverici qüvvəsinə çevrilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İbn Xaldun Universiteti nəzdində Heydər Əliyev adına Avrasiya Araşdırmaları Mərkəzinin elmi əməkdaşı Eldəniz Gusseinov bildirib.

Onun sözlərinə görə, hər iki regionun “Şərq–Qərb” və “Şimal–Cənub” nəqliyyat xəttlərinin kəsişməsində yerləşməsi, eləcə də Azərbaycanın oynadığı bağlayıcı rol yeni əməkdaşlıq mərhələsinin əsasını təşkil edir.

“Azərbaycanın öz ərazisi vasitəsilə Ermənistan istiqamətinə yük tranzitinə imkan verməsi, həmçinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tam hüquqlu iştirak etməsi regional inteqrasiya proseslərinə impuls verib. Bu addımlar təkcə logistikanın deyil, siyasi dialoqun da dərinləşdiyini göstərir”, - deyə Eldəniz Gusseinov vurğulayıb.

Ekspert qeyd edib ki, Xəzər dənizində yerləşən Kurık, Aktau və Ələt limanları bu inteqrasiyanın strateji dayaq nöqtələrinə çevrilib və hər iki regionun Çinlə Avropa arasında dayanıqlı nəqliyyat əlaqəsi qurmasına imkan yaradır. “Cənubi Qafqaz respublikalarının Mərkəzi Asiya ölkələrinə və əks istiqamətdə yüksək səviyyəli səfərləri məhz nəqliyyat-kommunikasiya xəritəsinin dəyişməsinin nəticəsidir. Yollar yaxınlaşdıqca regionlar da yaxınlaşır”, - deyə o əlavə edib.

E.Gusseinov bildirib ki, əməkdaşlığı yalnız Çin-Avropa xətti üzrə təhlükəsiz tranzit marşrutu kimi deyil, həm də regiondaxili ticarət üçün geniş imkan yaradan platforma kimi qiymətləndirmək lazımdır. Çin və Hindistandan Avropaya yükdaşımaların artması fonunda Orta Dəhliz artıq alternativ deyil, əsas marşrut olaraq formalaşır. “2024-cü ildə xətt üzrə 3,3 milyon ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 20,6 faiz çoxdur. Beynəlxalq Nəqliyyat Forumu və Dünya Bankının proqnozları həcmlərin 2030-cu ilə qədər 10-11 milyon tona çatacağını göstərir. Bu, marşrutun iqtisadi səmərəsinin və rəqabət qabiliyyətinin açıq göstəricisidir. Orta Dəhliz digər quru yollarına nisbətən yükdaşımada bir həftəyə yaxın vaxt qənaəti yaradır”, – deyə ekspert bildirib.

E.Gusseinov qeyd edib ki, regionu yalnız tranzit zonası kimi deyil, sərmayə cəlb edən iqtisadi məkan kimi təqdim etmək üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması mühüm əhəmiyyət kəsb edir. “Bu proses başa çatdıqdan sonra biz “tranzit regionu” obrazından “inteqrasiya olunan iqtisadi məkan” modelinə keçə bilərik. Bu isə həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya üçün daha dərin inteqrasiya, daha geniş investisiya axını və daha dayanıqlı regional inkişaf deməkdir”, - deyə ekspert bildirib.

Sonda E.Gusseinov vurğulayıb: “Orta Dəhlizin gələcəyi kollektiv koordinasiya, qarşılıqlı etimad və vahid standartlara əsaslanan siyasətdən asılıdır. Azərbaycan nümayiş etdirdiyi sistemli inkişaf modeli ilə region üçün istiqamət müəyyən edir. İndi əsas məsələ bu dinamikanı bütün Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə ümumi inkişaf xəttinə çevirməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
2
azertag.az

3Источники