ŞUŞA, 24 noyabr. TELEQRAF
Şuşa şəhərində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən Azərbaycan–Türkiyə Beyin Mərkəzlərinin Birinci Forumu öz işini yekunlaşdırıb. Tədbirdə hər iki ölkədən aparıcı analitik qurumların rəhbərləri, ekspertlər və tədqiqatçılar iştirak edib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Forum öz işinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) sədri Polat Safinin nitqləri ilə başlayıb.
Çıxışlarda Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin regionda formalaşan yeni geosiyasi reallıqlar fonunda daha da gücləndirilməsinin vacibliyi vurğulanıb. Natiqlər beyin mərkəzləri arasında əməkdaşlığın iki ölkənin xarici siyasətinə analitik dəstəyin artırılmasına xidmət etdiyini bildiriblər.
Forum çərçivəsində üç panel sessiya keçirilib.
Birinci paneldə Azərbaycan və Türkiyənin xarici siyasətində əsas trendlər, Qafqaz regionunda dəyişən təhlükəsizlik arxitekturası və iki ölkənin diplomatik koordinasiya imkanları müzakirə olunub.
İkinci paneldə Türk Dövlətləri Təşkilatında (TDT) inteqrasiyanın gələcək perspektivləri, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi, eləcə də vahid analitik yanaşmaların formalaşdırılması məsələləri diqqət mərkəzində olub.
Üçüncü panel sessiyasında nəqliyyat-kommunikasiya və enerji əməkdaşlığının strateji əhəmiyyəti, Zəngəzur dəhlizi və Orta Dəhlizin inkişafı, həmçinin Azərbaycan və Türkiyənin enerji diplomatiyasında yeni istiqamətlər müzakirə edilib.
Forumda hər iki ölkənin beyin mərkəzlərinin ortaq cəhətləri də önə çıxarılıb. Ekspertlər Azərbaycan və Türkiyənin analitik qurumlarının eyni regional prioritetlərə malik olduğunu, xarici siyasət, təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində oxşar strateji yanaşmalar ortaya qoyduğunu bildiriblər. Qeyd olunub ki, iki ölkənin beyin mərkəzləri arasında tədqiqat gündəliyi böyük ölçüdə üst-üstə düşür və bu əməkdaşlıq regiondakı proseslərin daha dərindən təhlilinə imkan yaradır. Bu platformanın təşkil edilməsi region üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan–Türkiyə intellektual əməkdaşlığı regional sabitlik və təhlükəsizlik baxımından yeni sinerji yaradır, TDT çərçivəsində vahid strateji yanaşmaların formalaşmasına təkan verir, Cənubi Qafqazda sülh və inkişaf modelinin möhkəmlənməsinə töhfə verir.
Tədbirin yekununda iki ölkənin beyin mərkəzləri arasında elmi-analitik əməkdaşlığın genişləndirilməsi, ortaq tədqiqat layihələrinin həyata keçirilməsi, birgə strateji hesabatların hazırlanması və növbəti forumların mütəmadi keçirilməsi müzakirə olunub.