RU

"Trampın sülh planı tələskənlik və təbliğat xarakteri daşıyır" - ŞƏRH

Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinin tənzimlənməsinə dair 24 bəndlik sülh planı ilə çıxış edib.

Bəs Ukrayna bu sülh planı ilə razılaşacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Akif Nağı bildirdi ki, Avropanın hazırladığı plan da Amerikanın planından fərqlənmir:

"Yəni Avropada deyilir, amma planın əsas müəllifi İngiltərənin Baş naziri Kir Starmerdir.  İngiltərə də Amerika ilə müttəfiqdir. Onların öz aralarında bir qədər yumşaq, bir qədər fərqli razılaşdırılmış plan ola bilər. Amma əslində məsələnin kökündə eyni xətt dayanır və məqsəd Ukraynanın Rusiya qarşısında müəyyən şərtlərlə təslim olmasıdır. Sadəcə olaraq bunu elə formada təqdim etməyə çalışırlar ki, Ukrayna üçün ağrısız olsun, Prezident Volodimir Zelenski onu qəbul edə bilsin, Ukrayna xalqı qəbul edə bilsin. Əsas məqsədləri bundan ibarətdir. Yəni bu planın Rusiyada hazırlanması ilə bağlı çox söz-söhbətlər gedir və s. Amma əslində doğrudan da Rusiyanın maraqlarına daha çox cavab verir. Lakin başqa bir məsələ də var ki, müharibənin davam etdirilməsinin mümkünlüyü də müəyyən qədər nəzərə alınmalıdır".

Politoloq əlavə etdi ki, Rusiya müharibənin bitməsini istəmir:

"Əgər müharibə bitsə və ya ən azından atəşkəs elan olunsa, bu, Rusiya üçün çox ciddi problemlər yaradacaq. Rusiya Ukrayna cəbhəsində yüz minlərlə sayda böyük bir ordu saxlayır. Əgər atəşkəs olsa, təbii ki, bu ordunun hamısının orada saxlanmasına ehtiyac olmayacaq. Döyüşə girməyən ordunun içərisində narazılıq yaranacaq. Bir var döyüş vəziyyətindədirlər və döyüş proseslərinin içindədirlər, bir də var ki, döyüş yoxdur. Döyüş olmayanda ordu başqa fikirlərə düşür, narazılıq başlayır. Həm içəridən narazılıq yaranır, həm də Rusiyanın böyük bir ordunu qeyri-döyüş vəziyyətində saxlaması Rusiya büdcəsi üçün ağır yükdür. Ona görə çağırışçıların böyük bir hissəsi təxris olunmalı, ordudan azad edilməli və geri göndərilməlidir. Onlar öz evlərinə qayıtdıqdan sonra Rusiya hökumətindən, Prezident Vladimir Putindən orada olduqlarına görə böyük miqdarda pul tələb edəcəklər. Putinin isə bu imkanları yoxdur. Onlar həmçinin yaşamaq üçün yaxşı şərait istəyəcəklər. Müharibədən sonra yaranan “Vyetnam sindromu” deyilən vəziyyət işə düşəcək. Rusiyanın müxtəlif bölgələrində problemlər yaranacaq. Mən hesab edirəm ki, Putin hələlik müharibənin davam etməsində maraqlıdır. Bəlkə də Amerikada da bunu anlayırlar ki, müharibə dayansa, bu, daha çox Rusiya üçün problemlər yaradacaq və Rusiyanın içəridən zəifləməsinə şərait yaradacaq. Yəni belə bir vəziyyət mövcuddur".

Müsahibimiz qeyd etdi ki, heç bir müharibədə birdən-birə sülh müqaviləsi imzalanmır.  Akif Nağının sözlərinə görə,  ABŞ Prezidenti Donald Tramp bunu öz təbliğatına çevirib, sanki dərhal sülh müqaviləsi imzalanacaqmış kimi təqdim edir.

"Halbuki hələ Azərbaycanla Ermənistan arasında belə sülh müqaviləsi yoxdur, beş ildir hərbi əməliyyatlar dayanıb, amma sülh imzalanmayıb. İkinci Dünya müharibəsindən sonra müxtəlif ölkələr arasında sülh müqavilələrinin imzalanması onilliklərlə çəkib. Hələ bu gün Rusiya ilə Yaponiya arasında belə sülh müqaviləsi yoxdur.

Ona görə mən hesab edirəm ki, Tramp tələskənlik edir və bunu təbliğat vasitəsi kimi istifadə edir. Sülh planı ola bilər, amma sülh müqaviləsi dərhal mümkün deyil. Sülh planının bir hissəsi də atəşkəsdir. İndiki vəziyyətdə ortada olan plan Rusiya ilə Ukrayna arasında atəşkəs müqaviləsinin imzalanmasına yönəlib. Mahiyyəti də atəşkəslə bağlıdır. Atəşkəsdən sonra sülh müqaviləsi ilə bağlı danışıqlar uzun müddət davam edəcək. Ona görə indidən məsələləri bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Atəşkəsin öz şərtləri var: hərbi əməliyyatlar dayanır, tərəflər mövqelərində qalır, atəş açılmır, döyüş olmur, yaralılar çıxarılır, əsirlər dəyişdirilir. Bundan sonra sülh müqaviləsi üzrə uzun danışıqlar mərhələsi başlayacaq. Buna görə də indidən bu iki prosesi qarışdırmağa ehtiyac yoxdur", - deyə o yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Избранный
65
50
redaktor.az

10Источники