Azərbaycanda sənaye sektorunun dekarbonizasiyası çərçivəsində qaz qazanlarının elektrik qazanları və yüksək temperaturlu istilik nasosları ilə əvəz edilməsi planlaşdırılır.
Aznews.az xəbər verir ki, Sənəddə qeyd edilir ki, bir çox sənaye prosesləri yüksək karbon izli yanacaqdan asılıdır: "Buna görə də elektrifikasiya dekarbonizasiyanın ən perspektivli metodlarından biridir. Qida, kimya və metallurgiya sənayesində qaz qazanlarının elektrik qazanları və istilik nasosları ilə əvəz edilməsi planlaşdırılır. Oxşar yanaşmalar gil-torpaq istehsalında və neft-qaz sənayesinin "downstream" seqmentində də tətbiq ediləcək. Bərpa olunan enerji mənbələrinin payı artdıqca, elektrifikasiya sənayenin karbon izini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək".
Sənədə əsasən, sənaye iqtisadi artımın və məşğulluğun əsas hərəkətverici qüvvəsidir və ölkə üzrə ÜDM-in 25 %-ə qədərini təmin edir. Sahənin inkişafı dövlət siyasəti və özəl sektorun fəallığı ilə müəyyən edilir, bununla belə, istehsalın daha da artması və nəticədə istixana qazı emissiyalarında artımın qeydə alınması gözlənilir. Məhz buna görə dekarbonizasiya iqlim gündəliyinin əsas prioritetlərindən birinə çevrilir.
"2022-ci ildə sənaye strukturu neft-qaz məhsullarının istehsalını, qeyri-metal mineralları (sement daxil olmaqla), həmçinin polad və alüminium kimi metalları əhatə edirdi. Neft-qaz emalı seqmenti son onillik ərzində istehsal və ixrac həcmlərinin artması hesabına davamlı artım nümayiş etdirir. Qeyri-metal minerallardan klinker istehsalı 2,7 milyon tona çatıb ki, bu da on il əvvəlki səviyyəyə nisbətən 50 %-dən çoxdur. Metal istehsalı əsasən polad və alüminium hesabına təxminən 0,8 milyon ton təşkil edib.
2022-ci ildə sənaye sektorunda istehsal 8,9 milyon ton CO2-ekvivalenti təşkil edib. Bunun əsas hissəsi - 6,3 milyon tonu neft-qaz emalı və qeyri-metal mineralların, təxminən 2 milyon tonu metallurgiya, kimya sənayesi, qida məhsulları və içki istehsalının payına düşür. Qalan 0,6 milyon ton tikinti sahəsi və tikinti materialları istehsalına aiddir", - sənəddə qeyd olunur.
Hesabat müəllifləri hesab edirlər ki, sənaye dekarbonizasiya üçün ən mürəkkəb sektorlardan biridir, çünki bir çox proseslər yüksək temperaturlu istilik tələb edir, karbohidrogen yanacağının istifadəsinə əsaslanır və əlavə emissiyalar yaradan kimyəvi reaksiyalarla müşayiət olunur.
"Sənaye parklarının yaradılması müəssisələrin coğrafi konsentrasiyasına şərait yaradır ki, bu da istiliyin və tullantıların təkrar emalı, karbonun tutulması, utilizasiyası və saxlanması sistemlərinin (CCUS) tətbiqi, həmçinin genişmiqyaslı elektrifikasiya kimi müasir aşağı karbonlu həllərin tətbiqini asanlaşdırır. Son on il ərzində ölkədə bir neçə sənaye parkı yaradılıb və dövlət siyasəti burada istehsal olunan sənaye məhsullarının ümumi sənaye istehsalındakı payının 15 %-ə qədər artırılmasına yönəlib", - hesabatda qeyd olunur.