RU

Everest artıq ən yüksək zirvə deyil – Ondan yüz dəfə hündür nəhənglər tapıldı

BAKI, 24 noyabr. TELEQRAF

Elm adamları Yer kürəsinin dərinliklərində nəhəng strukturlar aşkar ediblər. O qədər hündürdürlər ki, Everest onların fonunda kiçik bir dağ kimi görünür.

Teleqraf xəbər verir ki, bu barədə “Nature” jurnalı məlumat yayıb.

Yeni araşdırma Yer kürəsinin mantiya-nüvə sərhədindən planetin dərinliklərinə doğru uzanan iki nəhəng yeraltı quruluşun mövcudluğunu təsdiqləyir. Bu strukturlar Everestdən təxminən 100 dəfə daha yüksəkdir, Afrikanın altında və Sakit okeanın mərkəzi hissəsində yerləşir.

Qeyd olunur ki, bunlar klassik mənada dağ deyil, çünki adi süxurlardan ibarət deyillər, amma ölçülərinə görə Yerin daxilində məlum olan ən böyük strukturlardır.

“Bunlar klassik mənada dağ deyil, nüvə-mantiya sərhədindən yüksələn və mantiyanın axınlarına təsir edən termokimyəvi strukturlardır”, - tədqiqatın müəllifləri deyirlər.

Hər bir strukturun eni təxminən 5000 km-ə çatır və o qədər hündürdürlər ki, onlar Yerin səthində olsaydılar ki, hündürlük anlayışı tamamilə yenidən müəyyən olunardı.

Strukturların (LLSVP adlandırılır – red.) ən maraqlı tərəflərindən biri onların mənşəyidir. Əsas nəzəriyyə və yeni məlumatlar göstərir ki, bu quruluşlar milyardlarla il əvvəl subduksiya nəticəsində mantiya ilə qarışmış qədim litosfer plitələrinin qalıqlarıdır. Onlar mantiyanın dibində yığılıb və bir növ “plitə qəbiristanlığı” əmələ gətiriblər.

Kimyəvi tərkibi və sıxlığı sayəsində bu hissələr mantiyanın qalan hissələri ilə demək olar ki, qarışmır və planetin ən sabit, ən uzunömürlü strukturlarından hesab olunurlar.

Alimlərə görə, bunlar kimyəvi baxımdan Yer kürəsi tarixinin ən qədim mərhələlərinə aid fərqli domenlərdir. Strukturlar yüksək sıxlıq vətemperatur, eləcə də unikal tərkibə malikdirlər.

Onların nüvənin birbaşa üstündə yerləşməsi, məsələn, Havay, Reynyon və ya İslandiya kimi vulkanik qaynar nöqtələr yaradan isti maddə axınlarının potensial mənbəyinə çevrilməsinə səbəb ola bilər. Forma və ölçüsü də mantiyada qlobal axınlara təsir edir ki, bu da plitələrin hərəkət və qitələrin parçalanmasına səbəb olur.

Alimlərin fikrincə, LLSVP-lər “mantiya lövbərləri” kimi çıxış edir, yüz milyonlarla il ərzində demək olar ki, yerindən tərpənmir və konvektiv axınları istiqamətləndirirlər. Bu sabitlik onların superqitələrin yaranması və parçalanması dövründə mühüm rol oynadığını göstərir və plitə tektonikasına yeni ölçü qazandırır.

Избранный
15
teleqraf.com

1Источники