ain.az, Azertag portalına istinadən məlumat verir.
Praqa, 22 noyabr, AZƏRTAC
Çexiyada antisemitizm hallarının rekord səviyyəyə çatdığı qeydə alınıb. Belə ki, artımın tempi zəifləsə də, insidentlərin təhlükəliliyi daha da yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya Yəhudi İcmaları Federasiyası məlumat yayıb. Təşkilat illik hesabatında ötən il ərzində 4694 insident qeydə aldığını vurğulayıb ki, bu da əvvəlki illə müqayisədə 366 hadisə çoxdur. Artım tempi son illərlə müqayisədə bir qədər zəifləsə də, 2024-cü ilin göstəricisi monitorinq aparılan bütün dövr ərzində ən yüksək rəqəm olub və 2023-cü ilin nəticələrini 8 faiz üstələyib.
Qəzzada müharibənin başlanmasından sonra insidentlərin strukturu nəzərəçarpacaq şəkildə dəyişib, belə ki, törədilən faktlar arasında daha təhlükəli hərəkətlərin payı artıb. Ötən il Çexiyada yəhudilərə və ya yəhudi obyektlərinə qarşı dörd fiziki hücum baş verib, halbuki əvvəlki dörd il ərzində polis cəmi iki belə hadisə qeydə almışdı.
Eyni zamanda təşkilat vurğulayır ki, statistika yalnız açıq mənbələrə əsaslanır, bu isə real insidentlərin sayının daha çox ola biləcəyini göstərir. Bununla belə, federasiyanın sədri Pyotr Papouşek qeyd edir ki, Çexiya hələ də “yəhudi icması üçün ən təhlükəsiz ölkələrdən biri” olaraq qalır. O bildirib ki, ötən il “antisemitizmin normallaşması” adlandırdığı tendensiya daha da möhkəmlənib. Onun sözlərinə görə, İsrailə qarşı düşmənçilik radikal sağçıların, ultra-sol qrupların və dezinformasiya şəbəkələrinin qeyri-adi şəkildə yaxınlaşmasına səbəb olub.
İlin ən ciddi hadisələrindən biri yanvar ayında Brno şəhərində sinaqoqu yandırmaq cəhdi olub. Əldəqayırma partlayıcı qurğu işə düşməsə də, polis bu insidenti radikal dini ideologiyadan ilhamlanan terror aktına cəhd kimi qiymətləndirib. Federasiya bu hadisəni Çexiyada onlayn radikallaşmanın yəhudi icmasına qarşı real hücum cəhdinə gətirib çıxardığı ilk nümunə kimi dəyərləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.