Karyerasında həm ölkə daxilində, həm də xaricdə keçdiyi mərhələlərlə diqqət çəkən qolkiper Yusif İmanov son illərdə fərqli təcrübələr yaşayaraq peşəkar inkişaf yolunda ciddi addımlar atıb. “Sabah”dan ayrıldıqdan sonra yeni mühitlərdə özünü sınaması, Kosovodakı “Malişeva” klubunda qazandığı təcrübə və Azərbaycan millisində çıxış etdiyi dövr onun futbolçu kimi formalaşmasına mühüm təsir göstərib. Hazırda “Kəpəz”də mövsümün sonuna qədərlik müqavilə ilə çıxış edən gənc qapıçı həm şəxsi hədəfləri, həm də komanda üçün gətirməyi planlaşdırdığı keyfiyyətlərlə diqqət mərkəzindədir.
Mövzu barədə "Kəpəz"in yeni transferi Yusif İmanovun 90deqiqe.Az saytına müsahibəsini təqdim edirik:
“Sabah”dan ayrıldıqdan sonra karyeranızda hansı dəyişikliklər baş verdi və bu dəyişikliklər sizi hazırkı komandaya gətirdi?
-- “Sabah”dan ayrıldıqdan sonra ilk dəfə legioner kimi çıxış etmək imkanı qazandım. Fərqli ölkədə oynamaq mənə həm futbol baxımından yeni yanaşmalar, həm də xarakterimi daha da möhkəmləndirən təcrübələr qazandırdı. Azərbaycana qayıtmaq qərarı verərkən mənim üçün ən vacib məsələ oyun praktikasına sahib olmaq idi. “Kəpəz”in mənə göstərdiyi real maraq və etimad isə bu addımı atmağımda əsas rol oynadı.
Kosovoda “Malişeva” klubunda keçirdiyiniz müddəti necə qiymətləndirirsiniz? Oradakı təcrübə sizə nə qazandırdı?
-- Kosovadakı müddət mənim üçün həm futbol, həm də şəxsi inkişaf baxımından önəmli bir təcrübə oldu. Ora gedəndə iki ay məşqsiz idim və ilk 1–1.5 ay sırf özümü tam formada bərpa etməyə sərf etdim. Daha sonra klub daxilində maliyyə və təşkilati problemlər yarandı, amma bütün bunlara baxmayaraq legioner həyatı mənə yeni mühitə uyğunlaşmağı, çətinliklərə qarşı dayanmağı və xaricdə oynamağın məsuliyyətini dərindən anlamağı öyrətdi. Bu təcrübə gələcək qərarlarımda daha yetkin davranmağıma kömək etdi.
Azərbaycan millisində çıxış etdiyiniz dönəmi necə xatırlayırsınız? Milli təcrübəniz hazırkı performansınıza necə təsir edir?
Azərbaycan karyeramdakı əvvəlki dövrləri xoş xatirələrlə xatırlayıram. Milli komanda isə futbolçunun karyerasında ən yüksək səviyyələrdən biridir və mənim üçün həmin mərhələ çox dəyərli təcrübələrlə doludur. Orada keçirdiyim müddət mənə daha yüksək səviyyədə düşünməyi, daha məsuliyyətli davranmağı və oyun zamanı qərarları daha tez və daha doğru verməyi öyrətdi. Bu gün hər matçda milli təcrübənin verdiyi gücü və düşüncəni hiss edirəm.
“Kəpəz”də əsas hədəfləriniz nələrdir? Komandaya hansı keyfiyyətləri gətirməyi düşünürsünüz?
“Kəpəz”də ilk hədəfim öz oyunumu stabilləşdirmək və müdafiə xətti ilə birlikdə komandaya inam gətirməkdir. Qapıçı komandaya həm meydanda, həm də paltardəyişmə otağında güvən verməlidir. Mən sakitliyim, təzyiq altında doğru qərar vermək bacarığım və oyun oxuma qabiliyyətimlə komandaya real töhfə verə biləcəyimə inanıram. Burada həm özümü yenidən göstərmək, həm də komandanın nəticələrinə müsbət təsir göstərmək istəyirəm.
Klub ilə mövsümün sonuna qədər müqavilə bağlamısınız. Bu keçidin sizin üçün ən önəmli səbəbləri nələr oldu?
Danışıqlar menecerim Emil Asadov vasitəsilə aparıldı və bütün detallarda razılıq əldə edildikdən sonra Bakıya gəlib müqaviləni imzaladım. Bu keçidi seçməyimin əsas səbəbi “Kəpəz”in mənə olan güvəni və açıq şəkildə göstərdiyi etimad oldu. Mən davamlı oynaya biləcəyim bir komandada olmaq istəyirdim və “Kəpəz”də bunun üçün real şərait var. Bu transferi özüm üçün daha böyük hədəflərə aparan yeni bir başlanğıc kimi görürəm.
Gənc qolkiper olaraq inkişafınız üçün hansı aspektlər üzərində daha çox çalışırsınız?
Hazırda əsas diqqətimi oyun praktikasını artırmağa və sabit, inamlı performans göstərməyə yönəltmişəm. Əsas məqsədim əvvəlki formama tam şəkildə qayıtmaq, daha stabil çıxış sərgiləmək və hər oyunda komandama etibarlı dəstək olmaqdır. Bunun üçün həm məşqlərdə, həm də oyunlarda maksimum çalışıram.
Gələcək karyera planlarınız barədə izləyicilərimizə nə deyə bilərsiniz?
Ən yaxın hədəfim “Kəpəz”də yüksək səviyyədə çıxış etmək və komandanın nəticələrinə real töhfə verməkdir. Sonrakı mərhələdə isə milli komandaya qayıtmaq və gələcəkdə yenidən Avropada oynamaq istəyirəm. Hazırkı bütün fokusum çalışmaq, inkişaf etmək və meydanda ən yaxşı versiyamı göstərməkdir.
Fəxriyyə Adil