RU

Lənkəranda ekoloji təhlükəsizlik və hüquqi mexanizmlər müzakirə olundu

LƏNKƏRAN, 21 noyabr. TELEQRAF

Konstitusiya və Suverenlik İli çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin qorunması və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması mövzusunda maarifləndirmə və hüquqi təbliğat tədbirlərinin genişləndirilməsi məqsədilə Lənkəran şəhərində “Müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans təşkil olunub.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Dövlət Universitetində keçirilən konfrans Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə açılıb.

Daha sonra Lənkəran Dövlət Universitetinin prorektoru Ramiz Şəmmədov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ekoloji təhlükəsizlik sahəsində dövlət siyasəti dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsidir. O vurğulayıb ki, Konstitusiya və Suverenlik İlinin hədəfləri çərçivəsində ətraf mühitin mühafizəsi üzrə hüquqi mexanizmlərin möhkəmləndirilməsi və ekoloji mədəniyyətin artırılması xüsusi prioritet təşkil edir.

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov çıxışında qlobal və regional ekoloji çağırışlar, iqlim dəyişmələrinin yaratdığı risklər və ekoloji təhlükəsizlik sahəsində dövlətin institusional yanaşması barədə məlumat verib. O qeyd edib ki, ətraf mühitin qorunması sahəsində hüquqpozmalara qarşı kompleks prokuror nəzarəti mexanizmlərinin gücləndirilməsi hazırkı mərhələdə strateji əhəmiyyət daşıyır.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Elmi-tədqiqat işinin təşkili şöbəsinin prokuroru Sarıtel Əliyeva Konstitusiya və Suverenlik İli çərçivəsində ekoloji münasibətlərin konstitusion-hüquqi əsaslarından danışıb. O, ətraf mühitin mühafizəsi hüququnun insan hüquqlarının tərkib hissəsi kimi xüsusi yer tutduğunu və bu sahədə normativ-hüquqi islahatların davam etdirildiyini bildirib.

Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Əliyev ekoloji hüquq pozuntularının aşkarlanması, təqsirli şəxslərin məsuliyyətə cəlb olunması və bu prosesdə operativ məlumat mübadiləsinin əhəmiyyəti barədə çıxış edib. O qeyd edib ki, müasir texnoloji vasitələrdən istifadə cinayət tərkibli ekoloji pozuntuların aşkar olunmasında mühüm rol oynayır.

Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Əbdülsəməd Əzizli isə Azərbaycanın COP29 və COP30 proseslərində aktiv iştirakının ölkənin ekoloji diplomatiyasının güclənməsinə töhfə verdiyini bildirib. O vurğulayıb ki, ekoloji hüquq pozuntularına qarşı mübarizənin effektivliyi cəmiyyətlə səmərəli kommunikasiya, media, vətəndaş cəmiyyəti və ali təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsindən keçir.

Konfrans zamanı geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və sonda xatirə fotoşəkli çəkilib.

Избранный
55
2
teleqraf.com

3Источники