Tramp administrasiyasının ortaya çıxardığı yeni sülh planı Ukrayna müharibəsinin dayandırılması məqsədi kimi təqdim olunsa da əslində daha geniş geosiyasi hesablamaların nəticəsidir.
Planda Donbasda silahsızlaşdırılmış zona yaradılması və Ukraynanın müəyyən ərazilərdən geri çəkilməsi nəzərdə tutulur. Bu isə Rusiyanın hazırkı mövqelərini qorumasına şərait yaradacağı üçün Moskvanın maraqlarına uyğun gəlir.
Kiyevin və Avropanın bu planı qəbul etməyəcəyi əvvəldən bəllidir. Çünki, bu yanaşma ərazi itkilərinin rəsmiləşməsi deməkdir və Qərbin strateji mövqeyinin zəifləməsi ilə nəticələnə bilər.
Planın gizli hazırlanması göstərir ki, Vaşinqton təkcə Ukrayna savaşını dayandırmağa çalışmır. ABŞ daha çox Rusiyanın Çinə tam yaxınlaşmasının qarşısını almağı düşünür. Çin və ABŞ arasında rəqabətin kəskinləşdiyi bir vaxtda Moskvanı neytral saxlamaq Vaşinqton üçün əhəmiyyətlidir. Çin mediasının bu planı pozitiv qarşılaması da təsadüfi deyil. Pekin müharibənin uzanmasının Rusiyanı yalnız öz orbitinə salmasını istəmir. ABŞ ilə münasibətlərində əlavə təsir imkanları əldə etməyə çalışır.
Rusiya isə planı öz xeyrinə hesab edir. Kreml ərazi güzəşti müqabilində atəşkəs əldə edib daha sonra təzyiqləri yenidən artırmağı planlaşdırır. Bu model Rusiyanın uzunmüddətli strategiyasına tam uyğundur. Ukraynanın belə bir sənədə razılıq verməsi mümkün görünmür. Ukrayna üçün bu, yalnız yeni itkilərə aparan yoldur. Avropa ölkələri də bunun qəbul ediləcəyinə inanmır. Onlar başa düşürlər ki belə bir addım Rusiyanın gələcəkdə daha da aqressiv hərəkətlərinə zəmin yarada bilər.
Digər diqqətçəkən məqam odur ki, ABŞ eyni zamanda Ukraynaya Patriot sistemlərinin verilməsini təsdiqləyib. Bu addım Vaşinqtonun iki paralel xətt aparmağa çalışdığını göstərir. Bir tərəfdə Rusiya ilə müəyyən anlaşmalar axtarılır, digər tərəfdə Ukraynanın müdafiəsi gücləndirilir. ABŞ heç bir variantı tam bağlamır və hər iki istiqamətdə öz mövqelərini qorumağa çalışır.
Rusiya ilə Çin arasında münasibətlər isə dayanmaq bilmir. Bu tərəfdaşlıq dərinləşir və Qərbin bu xəttə müdaxilə etmək imkanları azalır. Trampın tələsik planı da buna görə real nəticə verməyə bilər. Moskva Pekinlə yaxınlıqdan imtina etməyəcək. Ukrayna ərazi güzəştinə getməyəcək. Avropa isə təhlükəsizlik arxitekturasının çökməsi riskini qəbul etməyəcək.
Ukrayna müharibəsi hələ də Rusiya ilə Qərb arasında böyük geosiyasi qarşıdurmanın əsas cəbhəsi olaraq qalır. Bu münaqişədə yalnız hərbi siyasi balans dəyişərsə danışıqlar üçün ciddi zəmin yarana bilər. Hazırkı şəraitdə Trampın sülh təşəbbüsü daha çox ABŞ ilə Çin arasında rəqabətdə Rusiya faktorunu yenidən formalaşdırmaq cəhdinə bənzəyir. Lakin bu planın yaxın vaxtlarda ciddi siyasi nəticə doğurması ehtimalı azdır.
Ruslan Zəngəzur