RU

33 yaşlı YAP çətin və şərəfli yol keçib » AzadMedia.az



Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


1992-ci il 21 noyabr Azərbaycan dövlətçiliyi üçün dönüş nöqtəsi olan tarixi gündür. Həmin gün keçirilən təsis konfransı ilə Yeni Azərbaycan Partiyasının yaranması ölkənin düşdüyü ağır siyasi böhrandan çıxış yolunun əsasını qoydu. Xaosun, hakimiyyət böhranının, parçalanma təhlükəsinin gücləndiyi bir dövrdə YAP-ın təsis edilməsi milli sabitliyə, dövlətçiliyin xilasinə aparan strateji addım kimi qiymətləndirilir.

Yeni Azərbaycan Partiyasının yaranması ideyası ölkənin taleyinə biganə qalmayan ziyalıların təşəbbüsündən doğdu. “91-lər”in Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət həmin dövrdə həm siyasi cəsarətin, həm də real ictimai tələbin ifadəsi idi. Bu müraciət dövlətçilik ideyalarının yenidən dirçəlməsinə yol açdı və Azərbaycan üçün yeni siyasi mərhələnin əsasını qoydu.

Ulu Öndər Heydər Əliyev həmin müraciətə münasibət bildirərkən YAP-ın yaranmasının tarixi zərurət olduğunu xüsusi qeyd etmişdi:
“Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur və müstəqil dövlətin möhkəmlənməsində tarixi rol oynaya bilər.”
Bu sözlər təkcə o dövrün deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının da əsas ideya xəttinə çevrildi.

1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransı YAP-ın yalnız siyasi təşkilat kimi deyil, milli ideoloji platforma kimi formalaşmasının başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi ilə partiya qısa zamanda xalqın dəstəyini qazanaraq ölkənin aparıcı siyasi gücünə çevrildi. Onun “YAP dünənin, bu günün və sabahın partiyasıdır” fikri partiyanın dövlət idarəçiliyindəki rolunu dəqiq ifadə edir.

2005-ci il 26 mart tarixində keçirilən III qurultayda Prezident İlham Əliyevin YAP sədri seçilməsi Heydər Əliyev siyasi xəttinin ardıcıl şəkildə davam etdirilməsinə xidmət etdi. Son 20 ildə Azərbaycanın dinamik inkişafı, beynəlxalq nüfuzunun artması, hərbi-siyasi gücünün möhkəmlənməsi, ən əsası isə ərazi bütövlüyünün tam bərpa olunması məhz bu siyasi kursun uğurlu nəticələridir. Prezident İlham Əliyevin sözləri bunun ən dolğun təsviridir:
“Əgər xalq etimad göstərərsə, Ulu Öndərin siyasətinə sadiq qalacağam. Son 17 il ərzində biz doğrudan da tarixi uğurlara imza atdıq.”

Bu gün Yeni Azərbaycan Partiyasının 33 illik tarixi Azərbaycanın müasir inkişaf modelinin, sabitlik strategiyasının və dövlətçilik fəlsəfəsinin əsas sütunlarından biri kimi qəbul edilir. YAP-ın fəaliyyəti nəticəsində Azərbaycan güclü, müstəqil, regional və qlobal proseslərə təsir göstərən müasir dövlətə çevrilib.

33 ildə qazanılan bütün nailiyyətlər bir daha sübut edir ki, Yeni Azərbaycan Partiyası yalnız tarixin məhsulu deyil, həm də Azərbaycanın gələcəyini müəyyənləşdirən siyasi iradənin ifadəsidir. Bu iradə isə ölkəmizi daha güclü, daha dayanıqlı və daha inkişaf etmiş bir gələcəyə aparır.
Избранный
31
1
azadmedia.az

2Источники