RU

Yeni il ab-havasını pozan Şaxta babalar - Sosial şəbəkədə yazılanlar

Asif Nərimanli, jurnalist 

- İrəvanda separatçıların üzərində "erməni liderlər Bakıda həbsdədir" yazılan fotosu yığışdırılıb. Ermənistan müxalifəti bunu Paşinyanın Əliyevdən qorxması kimi təqdim edir. Haqsız deyillər, Paşinyan da haqlıdır, çünki Qarabağda ləğv edilmiş separatizmin İrəvanda davam etməsi Ermənistanın gələcəyini təhlükəyə atır. Şahramanyanın qondarma "dqr"i "bərpa etmək" qərarına Ermənistan hakimiyyətinin sərt reaksiya verməsi də Paşinyanın doğru yolda olduğunu göstərir.

lll

- Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edib və bildirib ki, "Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur". O, hətta qondarma "qurumlara" vaxtarışı olaraq "hökumətə" məlumat verməyi tapşırıb.

Onun "müşaviri" kimi təqdim edilən Vladimir Qriqoryan isə bildirib ki, Şahramanyan İrəvana qayıtdıqdan sonra - oktyabrın 19-da separatçı rejimin fəaliyyətinin davam etdirilməsi ilə bağlı "fərman" imzalayıb və əsas sənəd bu qərardır. Beləliklə, separatçılar mövcudluqlarını davam etdirməkdə israrlı görünür.

Xankəndidə verilən qərarla separatçı rejimin özünü buraxması 1 yanvar 2024-cü ilə qədər başa çatmalı idi, lakin separatçıların qaçması və erməni əhalisinin Qarabağı tərk etməsindən sonra bu qərarın heç bir əhəmiyyəti qalmadı və bundan sonra separatçıların İrəvanda "özünübərpası" da praktiki olaraq Azərbaycana təhlükə yaratmır. Şahramanyanın qərardan imtina etməsi isə Ermənistan daxilində qondarma "artsax" ideyası ətrafında baş verən qarşıdurmadan qaynaqlanır və bunun əsas zərbəsi də Ermənistan hakimiyyətinə dəyəcək:

- daxili siyasətdə Paşinyana qarşı Qarabağ məsələsi üzərindən müxalif mövqe separatçıların, dolayısı ilə onların bağlı olduğu "Qarabağ klanı"nın inhisarında qalacaq və bu, kənar oyunçular, xüsusilə Rusiya üçün rıçaqlardan biridir;

- separatçılar Qarabağla bağlı iddialarını davam etdirdiyi müddətdə sülh danışıqları, ümumiyyətlə Azərbaycanla münasibətlərin normallaşması çətin görünür;

Bu baxımdan, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın "ev tapşırığı" olmalıdır, əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qalır.

 

Elşən Əliyev, jurnalist:

- Bilirsinizmi...

FB-də "Bilirdinizmi" başlıqlı statuslarında bizi çox maraqlı hadisələrlə tanış edən Müsəllim Həsənovun bu gün 65 yaşı tamam olur.

O, ata-baba yurdu Şəmkirin Şiştəpə kəndindən jurnalist yaradıcılığının bugünkü zirvəsinə öz istedadı və  zəhməti sayəsində gəlib çıxıb.

Ustaddır. Əməkdardır.

Azərbaycanın son illərdəki ən yaxşı, demək olar ki, hamının bəyəndiyi  sənədli filmlərinin ssenari müəllifidir.

Təkcə İTV-də yayımlanan "XX yüzillik. Faktlar, hadisələr və insanlar" sənədli filmlər seriyasının adi ofisiantdan ən yaşlı və təcrübəli diplomata, xırda məmurdan çox yüksək vəzifəli dövlət adamlarınadək sayı bilinməyən pərəstişkarları var.

Onun haqqında yazmaq da, danışmaq da olduqca məsuliyyətli işdir.

İndi olmasa da, yəqin ki, gələcək nəsillər Müsəllim Həsənov fenomenini də araşdırıb qiymətləndirəcəklər.

Onunla birgə şəkli olmaq - onun şöhrətinə şərik olmaq anlamına gəlməsin.

Sadəcə, belə bir dost və həmkarla fəxr etməyə dəyər.

Müsəllim, çox yaşa, çox yarat, həmişə belə üzün gülsün!

 

Etibar Əliyev, millət vəkili:

- Bəşəriyyətin böyük riyaziyyatçısı və filosofu Bertran Rassel yazır: "Orta əsrlərdə ölkədə vəba meydana çıxanda dindarlar insanları kilsəyə toplaşıb bu ağır bəladan xilas olmaq üçün dualar oxumağa çağırdılar. Nəticədə infeksiya dua edənlər arasında daha sürətlə yayılmağa başladı. Bu, bilgisiz sevgiyə aid olan ən yaxşı misallardan biridir. Bilgi və sevgi çox vacibdir, ancaq sevgi daha fundamentaldır. Sevgi ağıllı insanları biliklər axtarmağa istiqamətləndirir. Axmaqlar onlara məlum olanlardan qürur duyurlar və bütün xeyirxahlıq cəhdlərindən asılı olmayaraq yaxınlarına ziyan vururlar".

Gözəl mətndir. Müəllim şagirdini sevərək öyrətməlidir. Ancaq məsələnin kökündə pul dayanırsa, fundamental sevgi yox olmağa başlayır.

 

Vüqar Bayramov, millət vəkili:

- Azərbaycanda pul bazası yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, dekabrın ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 67.6 milyon manat azalaraq 18 milyard 334 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən, ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda antiinflyasiya effektinə malik olur.

Pul bazasının kiçilməsi fonunda xarici valyutalara tələbin də yüksəlməsi müşahidə olunmaqdadır. Digər tərəfdən, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan, kiçilmə deyil optimallaşdırma siyasətinə üstünlük verilməlidir.

 

Fərid Pərdəşünas, texnobloger:

- Şəhərdə Yeni il ab-havasını pozan şaxta babalar çoxdur. Mən uzun müddətdir heç olmasa əsl şaxta babaya az da olsa oxşayan şaxta baba görə bilmirəm. Mərkəzdə gəzənlər arıq, cavan uşaqlar, köhnəlmiş geyim və altdan çıxan qara ayaqqabılar. Tədbirlərə gələn şaxta babalar da özlərini kloun kimi aparır.

Şaxta babalar yalançı bığdan başlayan ağ pambıq saqqalla gəzirlər. Bu nə saxtakarlıqdır? Baxırsan ki, şaxta baba siqaret çəkir. Hanı sənin ceyranın? Hanı araban? Şəhərdə ən az velosiped zolaqları qədər bu məsələyə diqqət ayrılmalı və mərkəzə normal ağsaqqal şaxta babalar cəlb olunmalıdır.

 

Elxan Şahinoğlu, politoloq:

- Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Briliyinin və Müstəqil Dövlətlər Birliyinin Sankt-Peterburqda keçiriləcək toplantılarında iştirak məqsədilə Rusiyaya getməyə bilməzdi. Rusiya Prezidenti Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı yumşaq şəkildə hədələyərək, Ermənistanın Avrasiya İqtisadi Birliyini və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyəcəyini əminlikdə bildirmişdi. Paşinyan və onun hökumət üzvləri nə qədər Kremlin siyasətindən narazı qalsalar da, Rusiya ilə ittifaqdan qopa bilmirlər. Öz növbəsində Kreml əlindən gələni edir ki, Ermənistan Rusiyanın orbitindən çox uzaqlaşmasın. Bu məqsədlə Rusiya Qafanda Ermənistan ərazisində ikinci konsulluq xidməti açmağa hazırlaşır. Bundan başqa, Kreml Ermənistanın yenidən Rusiya ilə hərbi-texniki əməkdaşlığa qayıtmasına çalışır. Bu istiqamətdə danışıqlar intensivləşib.

Prezident İlham Əliyev də MDB toplantısında iştirak məqsədilə Sankt-Peterburqa gedəcək. Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüş keçirməyə çalışacaq. Bununla Putin Qərbə iki mesaj göndərməyə çalışacaq. Birinci mesajın mahiyyəti bu olacaq ki, Rusiya Cənubi Qafqazda əsas oyunçulardan biri olaraq qalır və Qərb bu amili unutmamamlıdır. İkinci mesaj isə bu olacaq ki, Rusiya Azərbaycanla Ermənistan arasında əvvəlkitək əsas moderatordur.

Liderlərin üçlü görüşü istisna deyil. Ancaq Azərbaycanla Ermənistan son birbaşa danışıqlarda əldə etdikləri nəticə ilə göstərdilər ki, Bakı və İrəvanın xüsusi moderatora ehtiyacları yoxdur.

 

İbrahim Nəbioğlu, jurnalist:

- RUSLUĞUN QEYRƏTKEŞİ

Qardaşımın Kiyev universitetində bir müəlliməsi vardı. Sovetin son illərində turist kimi İngiltərəyə gəzməyə gedir. O dövrdə nəinki kapitalist ölkələrinə, heç sosialist blokuna belə getmək imkansızdı.

Səfərdən qayıdandan sonra tələbələr dərsdə müəlliməyə gözlənilməz bir sual verirlər: "A deystvitelğno, çto Zapad zaqnivaet" (Doğurdanmı Qərb çürüyür?).

Gənc müəllimə pörtür, səsini alçaldıb, "Qneet, no tak paxneeeet" (Çürüyür, amma elə gözəl qoxur ki) deyir...

"Revnitelğ Russkoy Rossii", yəni "Rusluğun qeyrətkeşi" deyirlər ona. Rus mənbələrinə qalsa, o, görkəmli ədəbiyyatşünas, görkəmli tarixçi, görkəmli slavyanofil, Moskva universitetinin professorudur. Ancaq tanıyanlar onun həqiqi kimliyini asanlıqla ayırd edə bilirlər.

Stepan Şevıryev (Stepan Şevırёv 1806-1864) Saratovda zadəgan ailəsində anadan olub, qədim (kilsə) slavyan, fransız və alman dillini bilirdı. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə mütəmadi olaraq slavyan xalqlarının böyüklüyü, rus millətinin üstünlüyü haqda məqalələr yazır.

Şevıryev uzun illər xaricdə elmi fəaliyyət göstərmiş, Roma, Berlin, Münhen, Paris, London və b. şəhərlərdə ədəbiyyatşünaslıq sahəsində araşdırmalar aparmış, mühazirələr oxumuşdur. Avropada yaşadığı dövrdə Qərb mədəniyyətinə, həyat tərzinə vurulur, huzur içində yaşamağın necə bir nemət olduğunu anlayır. Ancaq bu haqda yazmır, əksinə, Qərbdən yüzillərlə geri qalan Rusiyanı ucaltmağa, öyməyə davam edir.

Bu təzadlı və mənim üçün maraqsız adamı buraya çıxarmağımın səbəbinə gəlincə...

Şevıryev Sovet və Rusiya liderlərinin, eləcə də nəhəng rus təbliğat maşınının yarım əsrdən çoxdur qulaqları "mozol" edən "Zaqnivaöhiy Zapad" (Çürüyən Qərb) ifadəsinin müəllifi Stepan Şevıryevdir. Dövlət xidmətindən atıldıqdan sonra Moskvadan da qovulur. Bir zamanların qatı panslavyanisti və slavyanofili, millətçi və patriotu özünü "Çürüyən Qərb"də, çürüklərin ən çürüyəni olan Parisdə peyda olur. Ömrünün sonuna qədər də burada yaşayır, geriyə isə yüz ildən çoxdur yaşayan bir ifadə buraxır. Rus cəmiyyətinin indiki halına və əhvalına baxanda Şevıryevin "Çürüyən Qərb" damğasının ömrünün daha uzun olacağını göstərir...

Müəllimənin o qısa cavabını bu gün "Almaniya dağılır", "Belçikada sosial partlayış", "İtaliyanın cənubu istila altında", "Dollar devalvasiya olacaq" kimi qaşınmayan yerdən qan çıxaranlara ünvanlamaq olar - dağılır, parçalanır, batır... amma ətrafa elə gözəl qoxular yayılır ki...

 






















Bizi İnstagramda izləyin

Избранный
332
525.az

1Источники