RU

Zərurətdən doğulan tarixi missiya və liderlik məktəbi

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasından 33 il keçir. Üç onilliyi aşan bu yol təkcə bir siyasi təşkilatın tarixçəsi deyil, həm də müasir Azərbaycan dövlətinin formalaşma, möhkəmlənmə və yüksəliş mərhələlərinin silsiləsidir. YAP-ın yaranması tarixi bir zərurət idi. Azərbaycan dövlətçiliyinin çətin sınaqlardan keçdiyi, siyasi parçalanmanın və idarəetmə böhranının dərinləşdiyi bir dövrdə millətin xilası üçün xalqın iradəsi fonunda meydana çıxmış bir hərəkat idi.

1990-cı illərin əvvəllərində ölkədə baş verən xaos, silahlı separatizm, iqtisadi tənəzzül, siyasi böhran və hakimiyyət boşluğu Azərbaycanın müstəqilliyi üçün real təhlükə yaradırdı. Dövlət idarəçiliyi iflic olmuş, cəmiyyət radikal təbəqələşmə ilə üz-üzə qalmışdı. Məhz belə ağır bir zamanda ziyalıların, elm xadimlərinin, veteranların və ölkənin müxtəlif bölgələrindən olan vətənpərvər şəxslərin təşəbbüsü ilə Naxçıvana, xalqın inam ünvanına müraciət edildi. Onlar xalqa arxa, dövlətə dayaq ola biləcək qüvvəni Heydər Əliyevin simasında görürdülər.

1992-ci ildə imzalanan məşhur "91-lərin müraciəti" təkcə bir siyasi sənəd deyildi. Bu, milli düşüncənin, məsuliyyətin və tarixi yaddaşın təcəssümü idi. Xalqın çağırışı ilə Heydər Əliyev siyasi səhnəyə qayıtdı, Yeni Azərbaycan Partiyası isə müstəqil Azərbaycanın xilası üçün milli-siyasi qütbə çevrildi. Beləliklə, YAP təsadüfi deyil, bir xilaskarlıq missiyasının məntiqi davamı olaraq yarandı.

Yeni Azərbaycan Partiyasının siyasi kimliyi və ideoloji xətti məhz Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi ilə formalaşdı. O, partiyanı qısa müddətdə Azərbaycan cəmiyyətində sabitliyin, inkişafın və milli həmrəyliyin mühüm dayağına çevirdi.

Ulu Öndər Heydər Əliyev YAP-ı dövlətçilik ideologiyasının siyasi platformasına, milli həmrəyliyin təşkilatçısına, siyasi sistemin lokomotivinə, dövlət idarəetməsində strateji düşüncə mərkəzinə çevirdi.

Ulu Öndərin rəhbərliyi altında partiyanın siyasi xətti "güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu və vətəndaş rifahı" prinsipləri üzərində quruldu. Bu model 1993-2003-cü illərdə Azərbaycanı dağılmaq təhlükəsindən çıxarıb regionun ən sabit və dinamik inkişaf edən dövlətlərindən birinə çevirdi.

Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də YAP-ı yalnız öz dövrü üçün deyil, gələcək nəsillər üçün də güclü və dayanıqlı siyasi məktəbə çevirməsidir.

2003-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirmək missiyası cənab Prezident İlham Əliyevin üzərinə düşdü. Bu gün YAP-ın 33 illik tarixində ən parlaq mərhələ məhz cənab Prezident İlham Əliyevin liderliyi dövrüdür. Onun dövründə partiya yeni siyasi idarəçilik modelini, modern islahat kursunu, qətiyyətli milli təhlükəsizlik strategiyasını və Zəfərlə nəticələnən 20 illik güclənmə yolunu həyata keçirdi.

Cənab Prezident İlham Əliyev YAP-ı sadəcə siyasi təşkilat olaraq deyil, dövlətin bütün sferalarında intellektual kadrların mərkəzinə və idarəetmə sisteminin əsas dayağına çevirdi. Onun siyasi liderliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərə nail oldu. Üçrəngli bayrağını Şuşada, Xankəndidə, Laçında, Ağdərədə və bütün Qarabağda ucaltdı. Regionda söz sahibi və güc mərkəzi kimi tanındı.

Bu Zəfərdə YAP-ın nizamlı siyasi xətti, milli iradənin təşkilatlanması və dövlət-vətəndaş birliyi mühüm rol oynadı. Prezident İlham Əliyev YAP-ı qalib dövlətin qalib partiyasına çevirdi.

YAP-ın 33 illik inkişaf mərhələlərinin əsas istiqamətləri belə xarakterizə edilə bilər:

-  Dövlətçilik missiyası

YAP bu illər ərzində milli dövlətçiliyin müdafiəsini, suverenliyin qorunmasını və milli maraqların üstün tutulmasını ən ali prinsip kimi qəbul edib.

- Modern siyasi islahatlar

İdarəetmə modeli müasirləşdirildi, iqtisadiyyat rəqəmsallaşdı, dövlət xidmətləri şəffaflaşdı, yeni kadr nəslinin formalaşması sürətləndi.

- Güclü ordu və təhlükəsizlik konsepsiyası

Partiyanın siyasi xətti Azərbaycanın hərbi gücünün artırılmasına, müdafiə sənayesinin qurulmasına və qalib ordunun formalaşmasına şərait yaratdı.

-  Sosial rifah dövləti

Son 20 ildə sosial layihələrin miqyası genişləndi, əhalinin rifahı, sosial təminat və həyat standartları yüksəldi.

- Qlobal səviyyədə siyasi nüfuz

YAP beynəlxalq siyasi platformalarda Azərbaycanın milli mövqeyinin güclənməsinə xidmət etdi.

- YAP bu gün yalnız keçmişin zəfərləri ilə yadda qalan siyasi təşkilat deyil. Qarşıdakı illərdə partiyanın üzərinə yeni tarixi məsuliyyətlər düşür.

Qarabağın və Şərqi Zəngəzurun "Böyük qayıdış" proqramının tamamlanması;

Azərbaycanın iqtisadi modelinin növbəti modernləşmə mərhələsi;

Dövlət idarəçiliyində yeni kadr konsepsiyasının dərinləşməsi;

Regional və qlobal siyasətdə Azərbaycanın rolunun daha da güclənməsi.

Bu missiyanın həyata keçirilməsi üçün YAP həm tarixi irsə, həm də güclü siyasi liderliyə, cənab Prezident İlham Əliyevin strateji vizyonuna malikdir.

Yeni Azərbaycan Partiyasının 33 illik tarixi bir daha göstərir ki, bu partiya təsadüfən yaranmayıb. YAP Azərbaycan dövlətçiliyinin çətin dövründə xalqın iradəsindən doğmuş, Ulu Öndər Heydər Əliyevin ideoloji memarlığı və cənab Prezident İlham Əliyevin müasir liderliyi ilə möhtəşəm tarixi missiya yerinə yetirmişdir.

Bu gün YAP xilaskarlıq missiyasından gələn, quruculuq dövründən keçən, Zəfərlə zirvələnən, gələcəyə inamla baxan milli siyasi qüvvədir.

33 il həm tarixdir, həm təcrübə, həm də böyük gələcək üçün möhkəm təməldir.

Nicat İSMAYILOV,

Yeni Azərbaycan Partiyasının üzvü, politoloq

Избранный
43
azerbaijan-news.az

1Источники