RU

Ukrayna müharibəsinə qarşı 28 maddəlik sülh sənədi hazırlandı - nələr olacaq?...


Arzuxan Əlizadə: “Həmin sülh planında əksini tapan şərtlər çox ağırdır”

Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni plan hazırlamaq məqsədilə Moskva ilə gizli məsləhətləşmələr aparır və bu prosesə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

Uitkoff sənəd üzərində işləyir və onu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə ətraflı müzakirə edib.

Bu barədə "Axios" portalı ABŞ və Rusiyanın adları çəkilməyən rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ-nin 28 maddəlik planı Prezident Donald Trampın Qəzza ilə bağlı razılığa gəlmək üçün uğurlu səylərindən ilhamlanıb. Rusiyanın yüksək vəzifəli rəsmisi "Axios"a plana nikbin baxdığını bildirib. Portal qeyd edib ki, Vaşinqton təkcə Ukraynanı deyil, həm də Avropa rəsmilərini yeni plan barədə məlumatlandırmağa başlayıb: “Lakin Ukrayna və onun Avropa tərəfdaşlarının buna necə reaksiya verəcəyi hələ də bəlli deyil”.

Planı dörd əsas kateqoriyaya bölmək olar: Rusiya-Ukrayna arasında sülh, Kiyev üçün təminatlar, Avropada təhlükəsizlik, ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri. Ukrayna rəsmisi "Axios"a təsdiqləyib ki, Uitkoff bu həftənin əvvəlində Mayamidə keçirilən görüşdə Ukrayna Prezidenti Volodimir Zelenskinin milli təhlükəsizlik müşaviri Rustem Umerovla planı müzakirə edib.

Maraqlıdır, sözügedən sülh planı ilə bağlı perspektivdə nə görünür?

“Vəziyyət nə qədər ağır olsa da, Ukraynanın bunları qəbul edəcəyini real hesab etmirəm”

Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sözügedən sülh planının perspektivi elə də görünmür: “Ona görə ki, həmin sülh planında əksini tapan şərtlər çox ağırdır. Düzdür, Rusiya böyük itkilər hesabına irəliləyir, Ukraynanın cəbhədə canlı qüvvəsi çatışmır. Ancaq o şərtləri Ukrayna xalqının qəbul edəcəyi də real görünmür. Çünki bu zaman cəmiyyətdə sual yaranacaq ki, əgər bu şərtlər qəbul ediləcəkdisə, o zaman 4 illik müharibə aparmaq, bir belə itki nəyə lazım idi? Ukraynadan nələr tələb olunur? Yayılan məlumata görə, Donbasın qalan hissəsindən (Rusiyanın nəzarətində olmayan ərazilər) imtina tələb edilir. Ukrayna Silahlı Qüvvələrinin sayını azaldılması istənilir. O cümlədən, Ukrayna əsas silahlardan imtina etməlidir. ABŞ-ın hərbi yardımı azaldılacaq. Kiyev rus dilini rəsmi dövlət dili kimi tanımalıdır. Rus Pravoslav Kilsəsinə rəsmi status verilməlidir. Göründüyü kimi, müharibənin dayandırılması ilə bağlı Rusiyanın irəli sürdüyü şərtlər çox ağırdır. Kim zəmanət verir ki, Kiyev bu şərtləri qəbul edəndən sonra Rusiya bir neçə ildən sonra Ukraynanın digər ərazilərini işğal etməyə cəhd göstərməyəcək? Ona görə də, vəziyyət nə qədər ağır olsa da Ukraynanın bunları qəbul edəcəyini real hesab etmirəm”.

Vidadi ORDAHALLI

Избранный
75
48
baki-xeber.com

10Источники