RU

Zelenskidən gözlənilməz qərar: Qalmaqallı sülh planı üzrə müzakirələrə başlayır

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiya tərəfindən birgə hazırlanmış "sülh planı" üzrə müzakirələrə başlamağa razılıq verib.

Musavat.com xəbər verir ki, məlumatı Axios adı açıqlanmayan Amerika və Ukrayna rəsmilərinə istinadən yayıb. Bildirilir ki, Zelenski bu gün Kiyevdə olan ABŞ Ordu katibi Den Driskol ilə danışıb və amerikalıdan "sülh planı"nın surətini alıb. Ukrayna prezidenti həmçinin Tramp administrasiyası ilə Ukrayna üçün yeni sülh planı üzrə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Adı açıqlanmayan bir Amerika rəsmisinin sözlərinə görə, Zelenski və Driskol iddialara görə, "imza üçün ciddi bir son tarix barədə razılığa gəliblər".

Başqa bir Amerika rəsmisi bildirib ki, Driskolun nümayəndə heyətinin səfəri əvvəlcə sırf hərbi məsələlərə yönəlibmiş, Ağ Ev daha sonra ondan ABŞ səfiri Stiv Vitkoff və dövlət katibi Marko Rubio adından Zelenski ilə "danışıqların başlamasına" kömək etməsini istəyib.

Ukrayna rəsmisi əlavə edib ki, "həll yolu sülhün mümkün olması üçün bunun üzərində birlikdə işləməyə çalışmaqdır".

Amerikalı bir məmurun sözlərinə görə, dünən və bu gün Tramp administrasiyası Ukrayna və Avropanı təklif olunan planın "aktiv sənəd" (yəni, hazırlanma və təsdiq mərhələsində - red.) olduğuna və ukraynalıların və avropalıların mövqelərinin də nəzərə alınacağına inandırmağa çalışıb.

Axios-un Amerika mənbəsinə istinadən verdiyi məlumata görə, bu səhər Trampın xüsusi nümayəndəsi, "sülh planı"nın həmmüəllifi Stiv Vitkoff Almaniya xarici işlər naziri Yohan Vadeful ilə telefonla danışıb. Bu söhbətdə o, yeni planın Ukrayna və Rusiyanın mövqelərini özündə birləşdirən "ideyalar çərçivəsi" olduğunu vurğulayıb.

Mənbənin sözlərinə görə, Vitkoff mətbuata sızdırılan mübahisəli "sülh planı" ilə bağlı belə şərh verib. Onun dediyinə görə, korrupsiya qalmaqalı və cəbhə xəttindəki problemlər Zelenskini sülh naminə çətin güzəştlərə getməyə daha çox meylli edə bilər.

Təfərrüatları Qərb mediasına sızdırılan Amerika planına əsasən, ABŞ və digər ölkələrdən Rusiyanın Krım, Donbas və Ukraynanın güzəştə getməyə məcbur edəcəyi digər ərazilər üzərində suverenliyini tanımaq tələb olunacaq. Bunun müqabilində Kiyev Amerika və Avropa təhlükəsizlik zəmanətləri alacaq. Ukrayna qoşunlarının çıxarıldığı ərazilərdə silahsızlaşdırılmış zona yaradılacaq. Axios-un əvvəllər adı açıqlanmayan bir Amerika rəsmisinə istinadən verdiyi məlumata görə, Xerson və Zaporojye bölgələrində münaqişə tərəfləri arasında təmas xətti dondurulacaq və Rusiya bəzi əraziləri Ukraynaya qaytarmağa məcbur olacaq. Ukrayna ordusunun sayı əhəmiyyətli dərəcədə azaldılacaq və uzaqmənzilli silahlar ləğv ediləcək. Ölkədə xarici qoşunların yerləşdirilməsi qadağan ediləcək və rus dili rəsmi dil olacaq. Bloomberg xəbər verir ki, ABŞ-ın yeni planında Rusiyaya qarşı sanksiyaların qaldırılması da nəzərdə tutulur.

 

Musavat.com

Избранный
50
musavat.com

1Источники