Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında Ukraynaya hərbi yardımla bağlı razılaşmalar müasir tarixin ən böyük fırıldaqçılığından başqa bir şey deyil.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O xatırladıb ki, 17 noyabrda Emmanuel Makron və Volodimir Zelenski Paris regionundakı Villakuble hava bazasında Kiyevə hərbi yardımla, Ukrayna ordusuna 100 Fransa istehsalı “Rafale” qırıcı təyyarəsi tədarük edilməsi ilə bağlı razılaşma imzalayıblar.
"Zelenski sənədi tarixi adlandırmaqda tələsib. Düşünürəm ki, prinsipcə qismən haqlıdır. Mənim fikrimcə, bu, tarixdə qalacaq bir sənəddir. Bunu hətta razılaşma da adlandırmaq olmaz. Görünür, qarşıdan müasir tarixin ən böyük fırıldaqçılığından biri gəlir. Lakin Kiyev rejiminin hələ də iyirmi milyard avro dəyərində ola biləcək belə böyük bir alış üçün pulu yoxdur, necə ki, Parisin iddia etdiyi həcmdə texnikası yoxdur. Beləliklə, bu, maraqlı virtual sövdələşmədir. Birinin pulu, digərinin malları yoxdur, amma gələcək üçün nəsə barədə razılığa gəliblər", - deyə Rusiya XİN sözçüsü qeyd edib.