20 noyabr 2025-ci il tarixdə Ağdam rayon Bayraq meydanında rayonun işğaldan azad olunmasının 5-ci ildönümü və “Ağdam Şəhəri Günü” qeyd edilib.
"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini və “Şəhidlər” abidə kompleksini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Bayraq meydanında davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilmiş, Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tədbirdə çıxış edərək 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisinin Ermənistan ordusu tərəfindən boşaldılmasından, Azərbaycan Ordusunun heç bir itki vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil olmasından, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuların təltif olunması üçün “Ağdamın azad olunmasına görə” medalının və eyni zamanda tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı 20 noyabr tarixinin “Ağdam Şəhəri Günü” kimi təsis olunmasından bəhs etmişdir. Tədbirin bədii hissəsində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilmişdir.