RU

QARAKƏND FƏCİƏSİ: Müstəqilliyə gedən yolda vurulan dövlət

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

1991-ci ilin noyabrının 20-si. Azərbaycanın ən zülmətli səhifələrindən biri. O gün Qarakənd göylərində bir vertolyot yanmadı, bir dövlət yanıb külə döndü.

Həmin gün Xocavəndin Qarakənd kəndi yaxınlığında vurulan “Mi-8” vertolyotu Azərbaycanın siyasi, hüquqi və hərbi rəhbərliyinin beyin mərkəzini daşıyırdı. Onlar Qarabağa sülh yaratmağa, qanı dayandırmağa gedirdilər. Amma sülhün qanla qarşılandığı bir dövr idi və bu qan Rusiyanın soyuq geosiyasi planlarının tərkib hissəsi idi.

Rəsmi versiya sadə idi “vertolyot dumanlı havada qayalara çırpılıb.” Amma heç bir duman 300 metr yüksəklikdə uçan “Mi-8”i bu qədər dəqiqliklə vurmazdı. Hadisənin cəmi 40 dəqiqə sonra erməni dilli televiziya efirində “xəbər” kimi yayılması, “qəzadan” əvvəl Ermənistan radiosunun məlumat hazırlaması artıq bu ssenarinin əvvəlcədən yazıldığını göstərirdi.

Helikopterin vurulduğu an, əslində, Azərbaycanın siyasi müstəqilliyinə atılan ilk real atəş idi. Çünki həmin vertolyotda Azərbaycanın baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, dövlət katibi Tofiq İsmayılov, jurnalist Osman Mirzəyev və daha bir çox nüfuzlu dövlət xadimləri vardı. Yəni bir millətin siyasi nəbzini daşıyan insanlar.

Bəs təsadüf idimi ki, rus hərbi müşahidəçiləri həmin uçuşda olmalı olduqları halda, son anda “lazım deyil” bəhanəsi ilə uçuşdan imtina etdilər? Təsadüf idimi ki, rus hərbi prokuroru İqor Lazutkin (erməni əsilli anası ilə birlikdə) istintaqa rəhbərlik etdi və “qara qutu”nun “əridiyini” bəyan etdi? Yox, bu, təsadüf deyildi. Bu, plan idi.

Vertolyotun “qara qutusu”nu ələ keçirən Lazutkin Azərbaycan mütəxəssislərini hadisə yerinə buraxmadı. “Qara qutu yanıb” dedi, “səs yazıları itib” dedi, “ermənilər yardım edib” dedi. Bu yalanların hər biri bir həqiqəti gizlətmək üçün qurulmuşdu və vertolyot Rusiya və Ermənistan ordusunun birgə əməliyyatı ilə vurulmuşdu.

Bu günə qədər “qara qutu”nun səsi yoxdur. Amma o qutunun səsi Azərbaycan xalqının qulağında əbədi çalınan bir ağıya çevrilib. Hər noyabrın 20-də o səssizlik yenidən səslənir.

Araşdırmalar göstərdi ki, “Mi-8” vertolyotu Amerika istehsalı olan Barret M82A1 snayperi ilə vurulub. Bu, təkcə texniki bir detal deyil, siyasi bir izdir. ABŞ silahı, Rusiya hərbçiləri, erməni mövqeləri… Yəni bir “üçbucaqlı ölüm oyunu”. Hədəfdə isə Azərbaycan dövləti.

Bu, sıradan bir diversiya deyildi. Bu, Azərbaycanın rəhbərliyinə qarşı geosiyasi sui-qəsd idi. Çünki o vertolyot vurulandan sonra Azərbaycanda hakimiyyət böhranı dərinləşdi, siyasi əlaqələr kəsildi, ordunun koordinasiyası pozuldu. Qısa müddət sonra Şuşa, Laçın, Xocalı, Ağdam ard-arda işğal edildi.

Qarakənd faciəsində 22 nəfər həlak oldu. Amma o gün sadəcə 22 nəfər ölmədi. O gün Azərbaycanın dövlət ağlı, diplomatik tarazlığı, informasiya mərkəzi, hüquq sistemi bir anda məhv edildi. O vertolyotda bir millətin gələcəyi yanmışdı.

Onlardan hər biri Azərbaycanın dirçələn beyninin parçası idi.

• Tofiq İsmayılov – dövlətin ideoloji sütunu, sülh missiyasının memarı.

• İsmət Qayıbov – qanunun səsini çatdıran dövlətin ədalət siması.

• Məhəmməd Əsədov – təhlükəsizliyin, sabitliyin rəmzi.

• Osman Mirzəyev və Alı Mustafayev – xalqın səsini dünyaya çatdıran qələm əsgərləri.

Onların ölümü təkcə bir faciə yox, Azərbaycanın siyasi sisteminə atılmış təpədən zərbə idi.

Rusiya SSRİ-nin dağılması ərəfəsində Cənubi Qafqazda nəzarəti itirmək istəmirdi. Moskva “sülhməramlı” pərdəsi altında faktiki olaraq erməni separatizmini qoruyur, Qarabağda öz hərbi bazasını saxlayırdı. Qarakənd faciəsi bu siyasətin başlanğıc nöqtəsi idi “yeni müstəqil” Azərbaycan Kremlin orbitindən uzaqlaşmaq istəyirdi, Kremlin cavabı isə bir vertolyot dolusu həyat oldu.

Sonrakı illərdə bu “sülhməramlı” oyunçuların kim olduğunu Xocalıda, Ağdamda, Kəlbəcərdə gördük. Onlar nə sülh gətirdilər, nə ədalət. Onlar yalnız Azərbaycanın qisasını almasına qədər bölgəni yandırdılar.

1991-ci ilin o noyabr axşamı bir çox azərbaycanlı kimi mən də televizor qarşısında idim. Qara paltarlı musiqiçilər kədərli bir orkestr çalırdı. Uşaqlıq yaddaşımda o musiqi hələ də bitmir. Çünki Qarakəndin oduna yanmış o musiqi, əslində, müstəqilliyimizin qanla yazılan himni idi.

Qarakənd faciəsi təkcə 22 canın itkisi deyil, Azərbaycanın suverenliyinin sınağı idi. Bu faciənin kökündə Rusiyanın imperial maraqları, erməni separatizminin silahlandırılması, Moskvanın Azərbaycan dövlətçiliyinə düşmən münasibəti dayanır.

O gün göylərdə vurulan vertolyot əslində Azərbaycanın azadlıq yolunu açdı. Qarakənddən sonra xalq anlamışdı: bu torpaq yalnız öz gücü ilə yaşaya bilər, bu millətin arxasında heç kim yoxdur, yalnız özü.

Qarakənd - bir vertolyotun deyil, bir dövlətin qətlə yetirildiyi gün idi.

Və bu cinayətin izi hələ də Kreml divarlarının soyuqluğunda yatır.

Hazırda həm Qarakənd faciəsinin, həm də ondan sonra xalqımızın başına gətirilən bir çox müsibətlərin, soyqırımların, qətliamların əliqanlı “müəllifləri” azadlıqda gəzirlər, bəziləri hətta işğalçı Ermənistanda yüksək postlarda vəzifələr tutublar. Keçmişə nəzər salsaq, beynəlxalq terrorçuların, qatillərin və insanlıqdan nəsibini almamış hərbi cinayətkarların gec-tez Əlahəzrət Ədalət qarşısında cavab verdiyinə tarixdən şahid oluruq. Həmin tarixi günün gələcəyinə ümid edərək vaxtilə qara qutularda qaranlığa basdırılan bütün həqiqətlərin də gec-tez bir gün aydınlığa çıxacağına inanırıq.

Samir Əsədli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
azpolitika.info

1Источники