Xarici səfərindən geri qayıdan Ukrayna prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampın təsdiqlədiyi 28 bəndlik plana necə reaksiya göstərəcəyi gündəmin əsas məsələlərindən biridir.
Ağır müharibə şəraitində bir tərəfdən tərəfdaş ölkələrinin dəstəyi ilə ölkəsinin müdafiə sənayesini gücləndirməyə, digər tərəfdən dünya birliyindən təhlükəsizlik təminatları almağa çalışan Zelenskinin indiki durumuna qibtə etmək olmaz. Çünki Milli Antikorrupsiya Bürosunun (NABU) ortaya çıxardığı korrupsiya qalmaqalına görə ölkədaxili əleyhdarları fəallaşıb. Üstəlik, dünya mediasının məlumatına əsasən, Ağ Evin təklif etdiyi planda Ukraynanın milli maraqlarına qətiyyən uyğun olmayan şərtlər öz əksini tapıb.
Ağ Evdəki mənbə NBC News telekanalına etiraf edib ki, planı Trampın xüsusi elçisi Stiv Uitkoff, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner hazırlayıb. Onlar gizli şəkildə planı hazırlayarkən Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriev və Ukrayna rəsmiləri ilə məsləhətləşiblər.
“Plan davamlı sülhü təmin etmək üçün hər iki tərəfə təhlükəsizlik təminatları verməyə yönəlib. Bu, Ukraynanın möhkəm sülhə nail olmaq üçün istədiyi və ehtiyacı olanları ehtiva edir”, – deyən amerikalı məmur rəsmi planın əlavə təfərrüatlarını açıqlamayıb.
O, sadəcə qeyd edib ki, sənəd hələ də Ukrayna və Rusiya ilə müzakirə tələb edir.
ABŞ-nin üç rəsmi şəxsi isə NBC News-a bildirib ki, planın çərçivəsi hələ Ukrayna hökumətinə təqdim edilməyib və sənəd layihəsi üzərində işin tamamlanma müddəti isə ABŞ ordusunun nümayəndə heyətinin Ukraynaya səfəri ilə eyni vaxta təsadüf edib.
Bu arada ABŞ dövlət katibi Marko Rubio plan barədə kiçik açıqlamasını X media platdormasında paylaşıb: “
Ukraynada mürəkkəb və ölümcül müharibəyə son qoymaq ciddi və real ideyaların geniş mübadiləsini tələb edir. Möhkəm sülhə nail olmaq hər iki tərəfdən çətin, lakin zəruri güzəştlərə getməyi tələb edəcək. Ona görə də biz hər iki tərəfin təklifləri əsasında müharibəni dayandırmaq üçün potensial ideyaların siyahısını hazırlayırıq”.
Nəşr isə qeyd edib ki, ABŞ-nin sülh danışıqlarını yenidən başlatmaq səyləri sürətlənir: “Hərçənd Kreml müharibəni bitirmək üçün şərtlərinin dəyişdirilməsinə dair heç bir əlamət göstərməyib və ABŞ-ın 28 bəndlik sülh planı üzərində işlədiyi barədə mətbuatda yayılan xəbərlərin əhəmiyyətini azaldıb”.
Nəşrin mənbələri qeyd ediblər ki, Ukrayna bu planın hazırlanmasında iştirak etməyib, lakin planın ümumi konturları barədə məlumatlandırılıb, lakin ətraflı məlumata malik deyil və heç bir təklif almayıb.
Trampa yaxınlığı ilə tanınan respublikaçı senator Lindsi Qrem NBC News-a bildirib ki, plandan xəbərsizdir. “Lakin mən bunu deyəcəyəm: ümid edirəm ki, heç bir plan yoxdur. Putin Ukraynaya daha çox hərbi yardım göstərməyə davam etməkdə ciddi olduğumuza inanana qədər heç bir plan işləməyəcək”, – senator xəbərdarlıq edib.
Bununla bağlı nəşr xatırladıb ki, Uitkoffun rəhbərliyi altında müharibəni bitirmək üçün əvvəlki cəhdlərə də Ukrayna daxil edilmirdi və uğursuzluğa düçar olurdu.
“The Guardian” isə yazıb ki, plan layihəsi Ukraynanın hərbi və siyasi suverenliyi üzərində Rusiyaya görünməmiş nəzarəti təmin edəcək tədbirləri ehtiva edir.
“Bu plan Kiyevdə, çox güman ki, kapitulyasiya kimi qəbul ediləcək”, – nəşr vurğulayıb.
Nəşrin məlumatına görə, plan Ukraynadan Donbası Rusiyaya verməyi və silahlı qüvvələrinin sayını yarıbayarı azaltmağı tələb edəcək.
Jurnalistlər qeyd ediblər ki, Ukrayna prezidenti Volodimir Zelenski əvvəllər bu şərtlərin həyata keçirilməsini qeyri-mümkün hesab edib.
Digər şərtlərə ABŞ hərbi yardımına və Ukrayna ordusunun istifadə etdiyi silah növlərinə məhdudiyyətlər, rus dilini ikinci rəsmi dil kimi qəbulu daxildir.
Nəşr qeyd edib ki, Ağ Ev Rusiya və Ukrayna arasında sazişə yaxın olduğunu dəfələrlə bəyan edib, lakin Kiyevdən Kremlə misli görünməmiş güzəştlər tələb olunduğu üçün Amerikanın bütün cəhdləri uğursuz alınıb.
Bəzi KİV-lər iddia edirlər ki, sənədin hazırlanmasında Qətər və Türkiyə də iştirak edib. Yeri gəlmişkən, Türkiyənin xarici içlər naziri Hakan Fidan bu yaxınlarda Ağ Evdə Stiv Uitkoff, Cey Di Vens, Marko Rubio ilə görüşündən sonra bəyan etmişdi ki, müzakirə etdikləri mövzular arasında Rusiya-Ukrayna müharibəsi də olub.
Amma dünən Ankaradakı mətbuat konfransında prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi və Krım türklərinin hüquqlarının müdafiəsindən danışması göstərir ki, Türkiyə dövləti Ukrayna torpaqlarının güzəştə gedilməsi fikri ilə razı deyil.
Media iddia edir ki, Zelenski ilə Uitkoff arasında yeni “sülh planı” ilə bağlı Türkiyədə keçirilən görüşün pozulmasına səbəb də Ukrayna prezidentinin hərəkəti olub. Belə ki, Zelenski Ankaraya Rusiyanın “heç vaxt qəbul etməyə razı olmayacaq” fərqli planla gəlib.
Bu isə ondan xəbər verir ki, həyatına yaranmış təhlükəyə baxmayaraq müharibənin ilk günlərindən ölkəsini tərk etmək barədə ABŞ və Avropa liderlərinin təklifini rədd edən Zelenskinin indi gizli şəkildə hazırlanmış kapitulyasiya planını qəbul edəcəyi inandırıcı görünmür.
Xatirə SADİQ