RU

COP31-ə Türkiyə ev sahibliyi edəcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına gələn il Türkiyə ev sahibliyi edəcək.

Musavat.com xəbər verir ki, bu barədə AnewZ kanalı məlumat verib. Bildirilib ki, Avstraliya Baş naziri Antoni Albanese Kanberranın namizədliyini geri götürdüyünü elan etdikdən sonra, Türkiyə gələn il COP31 iqlim sammitinə Aralıq dənizi kurort şəhəri Antalyada ev sahibliyi edəcək.

Qeyd edək ki, COP29 çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında qazandığı etimad sayəsində COP prosesi çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxışı zamanı bildirib ki, Türkiyə COP31-ə ev sahibliyi üçün müraciət edib. O, bu namizədliyə dəstək verən ölkələrə təşəkkür edib və digər ölkələrin dəstəyini gözlədiklərini bildirib.

Məlumat üçün bildirək ki, COP31-in keçiriləcəyi namizəd ölkələr Türkiyə və Avstraliya idi. Azərbaycan isə COP31-in təşkili ilə bağlı Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edir. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, ortaq COP keçirilməsi gündəmdə idi. “COP29 sədrinin mənə verdiyi mandata əsasən, Türkiyə və Avstraliya arasında gedən danışıqlarda vasitəçilik edirəm. Ötən həftə Nyu-Yorkda kifayət qədər intensiv görüşlərimiz, müzakirələrimiz oldu. Danışıqlar müsbət istiqamətdə irəliləyir və yaxın gələcəkdə nəticələrə şahid olacağıq. Bəlkə də ortaq COP təşkilindən söhbət gedə bilər”, - deyə Yalçın Rəfiyev vurğulamışdı.

“Reuters”in əldə etdiyin məlumata görə, Avstraliya COP31 zamanı hökumətlərarası danışıqlara rəhbərlik edəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Избранный
32
2
musavat.com

3Источники