RU

Jurnalistlərin Zəfər ziyarətləri

Şuşa və Xankəndiyə mediaturun təəssüratı

Xalqımız 2020-ci il sentyabrın 27-dən noyabrın 8-dək davam edən 44 günlük Vətən müharibəsi zamanı ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz rəşadəti hesabına 30 ilə yaxın işğal altında olan torpaqlarımızın erməni vandallarından təmizlənməsinin 5-ci ildönümünü ümummilli təntənə ilə qeyd etdi.

Tarixi zəfərimizin sevinc və qürur hissini yaşayan xalqımız şanlı qələbənin səhəri günündən torpaqlarımızda dağıdılmış, talan edilmiş infrastrukturu bərpa etməyə başlayıb. 5 ildir ki Qarabağın və Şərqi Zəngəzurun hər yerində böyük quruculuq və bərpa işləri sürətlə davam etdirilir. Artıq işğaldan azad edilmiş torpaqlara, bərpa edilmiş kənd və qəsəbələrə 30 mindən çox məcburi köçkün qaytarılıb. Bölgəyə bugünlərdəki səfərimizdə bütün bunları öz gözlərimizlə görüb bir daha sevindik, Azərbaycanın nəbzinin azad edilmiş torpaqlarda döyündüyünün canlı şahidi olduq.

Şuşaya gedirik…

Şuşaya ilk dəfə 2022-ci ilin sentyabr ayında getmişdik. Həmin vaxt Mədəniyyət və Turizim Nazirliyinin dəstəyi ilə Şuşada keçirilən Xurşidbanu Natəvanın 190 illik yubileyində iştirak edirdik. Vətən müharibəsinin ağır günlərində nazirliyin vətənpərvərlik mövzusunda keçirdiyi şeir müsabiqəsinin qaliblərindən biri kimi həmin səfərə dəvət mənim üçün ikiqat sevincli olmuşdu.

Əmanətlərin Sığortalanması Fondunun bu yaxınlarda Şuşa və Xankəndiyə təşkil etdiyi mediaturda da məmnunluqla iştirak etdim. Şuşaya ilk səfərimiz qısamüddətli olduğu üçün şəhərin çox yerlərini gəzə bilməmişdik. O zaman Şuşa məscidlərini ziyarət etməyimiz təmir-bərpa işləri aparıldığından mümkün olmamışdı. Bu dəfəki səfər proqramı isə zəngin təəssüratlarla yadda qaldı.

...Bizi Şuşaya aparan xüsusi avtobus 8 Noyabr Zəfər Günündə səhər tezdən paytaxtdan yola düşdü. Birinci səfərimizdə Şuşaya Füzuli rayonundan keçərək yeni salınmış Zəfər yolu ilə getmişdik. Bu dəfə isə marşrutumuz Bakı–Qazax magistralı ilə Yevlax şəhərindən keçib, Ağdam–Xankəndi–Şuşa istiqamətində davam etdi. Bakıdan Ağdama kimi yol yoldaşlarımızla müxtəlif mövzularda söhbətlər edir, mümkün qədər Şuşaya tez çatıb bu qəhrəman şəhərlə daha yaxından tanış olmağı arzulayırdıq. Fondun əməkdaşları yolboyu jurnalistləri maraqlandıran suallara cavab verir, onlara qurumun fəaliyyətindəki şəffaflıq barədə ətraflı bilgilər çatdırırdılar.

Ağdam – cəhənnəmdən cənnətə...

Bərdədən Ağdama keçərkən nəzarət buraxılış məntəqəsində polislər nəzakətlə sənədlərimizi yoxlayıb yolumuza davam etməyə icazə verdilər. Ağdam rayonunun ermənilər tərəfindən necə dağıdılmasını televiziya ekranlarında, qəzet səhifələrində, teleradio verilişlərində görüb-eşitmişdik. İndi isə hər kəs ermənilərin heç bir ölçüyə sığmayan vəhşiliklərinin şahidi olurdu. Yolun sağ və sol tərəfində yaşayış məntəqələrinin, bir vaxtlar bütün Azərbaycanda məşhur olan bərəkətli Ağdam torpaqlarının ürək ağrıdan mənzərəsi bizi rahat buraxmırdı.

Bütöv bir kənddə salamat bir ev qalmayıb. Yalnız uçulmuş divarları qalan, içərisində ağaclar, otlar bitən evlərə baxıb yanından sakit ötmək mümkün deyil. İlk ağlıma gələn fikir bu olur ki, görəsən, bu evlərin yiyələri sağdırmı? Onlar gəlib evlərini, kəndlərini, qəsəbələrini bu vəziyyətdə görəndən sonra düşmənin törətdiyi misilsiz vəhşiliyə necə dözüblər? Çox ağrılı mənzərədir.

Bir vaxtlar pambığı, üzümü ilə məşhur olan Ağdamdan indi ermənilərin viranə qoyduğu kəndlər, baxımsızlıqdan ot-alaq basan torpaqlar qalıb. Bir də müqəddəs torpaqlarımız uğrunda son damla qanına kimi döyüşərək əbədiyyətə yüksələn şəhid məzarları. Bir az diqqətlə baxanda yol kənarına yaxın yerlərdə başdaşı belə qalmayan qəbirlər, ayaq dəyməyən, illərlə ziyarətçiləri olmayan qəbiristanlıqlarla rastlaşırdıq. Həmin anda bu qərib məzarlarda yatanların ruhlarına dua oxuyuram. İnanıram ki, başımız üzərində dolaşan nigaran ruhlar 5 ildir ki, dinclik tapıblar, öz yaxınlarının kəndə dönəcəyi, rayonun abadlaşdırılacağı günü gözləyirlər.

...Xıdırlı kəndi böyük bir ərazidə qısa müddətdə tikilib istifadəyə verilən ilk kəndlərdəndir. Burada sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb. Biz ərazidən keçərkən kənddə tikinti-quruculuq işlərinin aparılmasını aydın şəkildə seyr edə bilirdik.

İki sevindirici hadisə də diqqətdən yayınmadı. Birincisi, Ağdamdan Şuşaya kimi uzanan yol boyu hər yerdə yeni asfalt örtüyünün təzələnməsi, körpülərin, dağlıq ərazilərdə istinad divarlarının çəkilməsinin şahidi olduq. İkincisi isə, azad olunmuş torpaqlarda kənd təsərrüfatı məhsullarının, müxtəlif təyinatlı müəssisələrin yaradılması illərdən bəri baxımsız qalmış torpaqlara canlanma gətirib. Hər iki sahədə çalışan xeyli sayda insan həvəslə çalışır, tapşırılan işi yüksək səviyyədə yerinə yetirirdilər. Əsgərandan Xocalıya, oradan da Xankəndinin kənarı ilə sıldırım qayalıqlardan keçib yeni çəkilən yolla Şuşaya çatırıq.

Şuşa – qəlbimizin şüşəsi

Şuşaya Xankəndidən çəkilən yeni yolla gəldik. Sıldırım qayalar, hündür təpələr, sərt döngələr keçdikcə avtobusumuz rahatlıqla irəliləyirdi. Sanki sürücümüz bu yola yaxşı bələd idi. Bayram günləri olmasına baxmayaraq, yol təsərrüfatı işçiləri hər tərəfdə işləyirdi. İlk növbədə, Şuşaya gələnlərin rahatlığını təmin etmək üçün onlar öz texnikaları ilə dağları hamarlayaraq müasir yollar çəkirdilər.

Səfər yoldaşlarımızla Şuşa hoteldə yerləşib bir az dincəldikdən sonra şəhərlə tanışlığa başladıq. Diqqətimizi çəkən ilk işlərdən biri şəhərdə tikintisi davam edən Şuşa məscididir. Məscidin minarələri o qədər hündür hazırlanıb ki, demək olar şəhərin hər tərəfindən baxanda diqqəti cəlb edir.

Öyrəndik ki, ikiminarəli, mozaika ilə bəzədiləcək günbəzli məscidin layihəsini azərbaycanlı və italyan memarlar birgə həyata keçirib. Məscidin xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Bu memarlıq elementi Şuşanın firavan və uğurlu gələcəyinə əminliyi, keçmişlə bu gün arasındakı əlaqəni təcəssüm etdirəcək. Buradan üzü aşağı düşüb Alban kilsəsinin yanından keçirik.

Ermənilərin bir vaxtlar öz adlarına çıxdıqları bu rus pravoslav məbədinin bir daşı belə tərpənməyib. Multikultural dəyərlərə sadiq dövlətimiz abidəni olduğu kimi qoruyub gələcək nəsillərə çatdırmaqda israrlıdır. Şəhərlə tanış olduqca üzlərdə sevinc, qürur dolu ifadələr artmağa başlayırdı. Hamı bir gün sonra tarixə çevriləcək bu səfərin daha çox yaddaşlara köçürmək üçün şəkil çəkdirir, təəssüratlarını bölüşür, daha çox yerləri görmək, gəzmək istəyirdi.

“Qarabağ” hoteli Şuşaya xüsusi yaraşıq verir. Müasir üslubda tikilmiş çoxmərtəbəli bina Saatlı məscidi ilə yanaşı inşa olunub. Şəhərin qaynayan həyatı, gələn turistlərin ən çox üz tutduğu ünvanlardan biridir bura. Gəzə-gəzə gəlib Şuşa Şəhər Xüsusi Nümayəndəliyinin yanına çatdıq. Xurşidbanu Natəvanın, Üzeyir bəyin və Bülbülün güllələnmiş heykəllərinə baxıb erməni vəhşiliklərini bir daha lənətlədik. Onu da deyim ki, ayağımız şəhidlərimizin qanı ilə zinətlənmiş Şuşa torpağına dəyən andan, 30 ildən sonra azadlığına qovuşan, tarixi sahiblərinə qaytarılan şəhərdə, sanki sevincimizdən uçurduq. Bu hissləri söz ilə ifadə etməkdə qələmin gücü acizdir.

Şəhərdə erməni vandallarının törətdiyi vəhşilikləri görmək üçün heç də uzağa getmək lazım deyildi. Şuşanın hər tərəfində mülki evlər, tarixi abidələr, məscidlər dağıdılmış, Azərbaycan mədəniyyətinə aid hər şey məhv edilmişdi. Qəlbimizdəki Şuşada olmağın sevincini şəhərdəki ürək ağrıdan mənzərələri gördükcə kədər hissləri əvəz edirdi.

Şuşa qalasını da ziyarət edib tarixi anları fotokameranın yaddaşına köçürürük. Axşam saat 21:00-da burada Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş atəşfəşanlıq olacaq. Artıq qaranlıq düşdüyündən hotelə qayıdırıq. Şuşa hotelində bir qədər dincəldikdən sonra yenidən səfər yoldaşlarımızla atəşfəşanlığı seyr etmək üçün Şuşa qalasına yollanırıq.

Qalanın ətrafı xeyli qonaq və yerli əhali ilə dolub. Hamı səbirsizliklə yaylım atəşlərinin başlanmasını gözləyir.

Saat 21-də başlayan atəşfəşanlığı böyük sevinclə seyr edib, otelə qayıdırıq. Otelin konfrans zalında Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı davam edirdi. “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universitetinin tələbələri rəngarəng nömrələrlə çıxış etdilər.

Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak edirdilər.

Bayram bayrama qarışır

Noyabrın 9-da Dövlət Bayrağı Günündə səhər tezdən oyanıb yenidən şəhərlə tanışlığa başlayırıq. Azərbaycan bayrağı ilə bəzədilmiş Qarabağ oteli, bir sıra obyektlər isə qalib ölkəmizin güc və qüdrətinin, xalqımızın quruculuq əzminin möhtəşəm təcəssümüdür.

Saatlı məscidi və Yuxarı Gövhərağa məscidində namaz qılıb, dualar etdikdən sonra səfər yoldaşlarımla birlikdə şəhərdə yeni tikilən binalar, istifadəyə verilən xidmət sahələri ilə tanış oluruq. Müxtəlif bankların, marketlərin filialları ya fəaliyyət göstərir, ya da tezliklə istifadəyə verilmək ərəfəsindədir. Bir sözlə, şəhər aparılan genişmiqyaslı tikinti quruculuq işlərindən sonra Şuşa günü-gündən böyüyür, gözəlləşir. Yerli sakinlərin həyət-bacalarını səliqəyə salması, ağaclara qulluq etməsi isə başqa bir hisslər yaşadır. Bəli, doğrudan da torpaqların əsl sahibləri qayıdıb. Öz evlərinin, şəhərlərinin dağılmış, uçulmuş yerlərini bərpa etməklə məşğuldurlar. Çünki onlar və sonra gələcək nəsillər burada əbədi yaşayacaqlar.

Gəzə-gəzə “Cıdır düzü”nə yaxınlaşırıq. Bu ərazinin bir ayrı havası, bir ayrı gözəlliyi var. İstər-istəməz sıldırım qayalardan aşağı baxdıqda rəşadətli Azərbaycan Ordusunun igid əsgərlərinin bu qayalıqları hansı hünərlə, hansı rəşadətlə qalxaraq düşmənə amansız zərbə vurmasını heyranlıqla xatırlayırdıq. Buradan baxanda Xankəndi ovuc içi kimi görünür.

“Cıdır düzü”ndən sonra Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai-siyasi xadim Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdik. Erməni işğalı zamanı dağıdılmış, viran edilmiş məqbərə – qəbirüstü abidə qısa zamanda təmir edilmiş, abadlaşdırılmışdır.

Şəhərin hər küçəsində, hər məhəlləsində, demək olar ki, hər tərəfində erməni vəhşiliklərinin izini görmək mümkündür.

Yalnız dağıdılmış divarları qalmış evlər doğmalarının yolunu gözləyirmiş kimi dinməzcə gəlib-gedənə baxır, sanki “mənə yaxın gəl, qəlbinin istisi ilə məni yenidən dirçəlt”– deyirdi. Adama elə gəlir ki, ana dilimiz üçün qəribsəmiş, illərdən bəri öz doğmalarını gözləyən şəhər də sevinirdi, doğmalarını görüb sevinən insanlar kimi...

Şuşa şəhəri indi göz önündə abadlaşır, daha da gözəlləşir, burada lazımi infrastruktur yaradılır. Sevindirici haldır ki, artıq şəhərdə həyat qaynayır, qonaqların biri gəlir, biri gedir, təmir-bərpa işləri isə öz ahəngi ilə davam edir.

Şuşa səfərimizi başa vurub Xankəndiyə yollanırıq. Qəhrəman şəhərlə ayrılmaq istəməsək də sağollaşıb “yenidən görüşənədək, Şuşa”– deyirik. Şuşadan ayrılırıq, aldığımız səfər təəssüratları isə bir ömür boyu xatirələrimizdən silinməyəcək.

Əlvida Şuşa, salam Xankəndi!

Bakıya dönərkən yolüstü Xankəndini də görmək, şəhərlə, qısa da olsa, tanışlıq fürsəti yarandı. Erməni separatçıları Xankəndini tərk edəndə, şəhər yağılardan azad ediləndə Azərbaycanın digər işğal olunmuş əraziləri kimi dağıdılmayıb. Şəhər, demək olar ki, əvvəlki görkəmində qalıb. Yeni tikilən binalar, bərpa quruculuq işləri isə şəhərə xüsusi yaraşıq verir.

Avtobusumuz Qarabağ Universitetinin yanından keçib şəhərin baş meydanında dayandı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qarşısındakı meydandan ilk dəfə gördüyümüz binaları seyr etdik, xatirə şəkilləri çəkdirdik. Aşağıda 2023-cü ilin dekabrnda təmirdən sonra istifadəyə verilən Xankəndi stadionu diqqətimizi çəkdi.

“Xankəndi” Biznes Mərkəzi, Konqres Mərkəzi yeni tikilən binalardandır və şəhərin memarlığına xüsusi rəng qatır. Xankəndidə də ölkənin müxtəlif dövlət və özəl təşkilatlarının xidmət sahələrinin fəaliyyət göstərdiyinin şahidi olduq. Qısa gəzintimizi başa vurub Xankəndidə Kəlbəcər təamlarının dadına baxıdıqdan sonra Bakıya qayıdırıq.

Sonda səfərimizi təşkil edən Əmanətlərin Sığortalanması Fondunun rəhbərliyinə, bizimlə birlikdə əziyyətimizi çəkən fondun bütün əməkdaşlarına bizə ikiqat bayram sevinci yaşatdıqlarına görə təşəkkür edirik.

Qabil YUSİFOĞLU
XQ
Şuşa–Xankəndi

Избранный
17
1
xalqqazeti.az

2Источники