RU

Qəzza üçün yeni Sülh Şurası: Azərbaycan və türk ölkələrinin iştirakı gündəmdə

BMT Təhlükəsizlik Şurasının Qəzza üzrə qəbul etdiyi qətnamə bölgəyə çoxmillətli sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasını yenidən aktuallaşdırıb.

ABŞ Prezidenti Donald Tramp missiyanın yaxın günlərdə formalaşdırılacağını bildirərkən, müzakirələrdə Azərbaycanla yanaşı bir sıra türk və müsəlman ölkələrinin iştirakı ehtimalı ön plana çıxır. Azərbaycanın İraq və Əfqanıstandakı sülhməramlı təcrübəsi bu prosesdə Bakını real namizədlərdən birinə çevirir. Bununla belə, Qəzzada təhlükəsizlik risklərinin yüksəkliyi və bölgədə silahlı qrupların fəaliyyətini tam dayandırmaması missiyanın tərkibini olduqca həssas və mürəkkəb edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva  bildirib ki, qətnamə Qəzza məsələsində ilk dəfə real institusional mexanizmin formalaşdırılmasına imkan yaradır. Onun sözlərinə görə, Tramp administrasiyası bu sənədi yalnız atəşkəs kimi yox, regional təhlükəsizlik arxitekturasının yenidən qurulması kimi təqdim edir:

“Bu, həm ABŞ-nin bölgədə təsirini artırmaq, həm də İsraillə ərəb dünyası arasında yeni balans yaratmaq məqsədi daşıyır. Qətnamə həm də Qəzza üzərində keçid dövrü idarəçiliyinin BMT mandatına verilməsi baxımından tarixi addımdır. Bu, bölgədə çoxmillətli və daha legitim bir idarəetmə modelinin yaranması deməkdir”.

Politoloqa görə, hazırkı müzakirələr göstərir ki, tərkib balanslı olmalıdır - nə yalnız Qərb ölkələri, nə də yalnız müsəlman ölkələri üstünlük təşkil etməlidir. Özbəkistan, Qazaxıstan, Qırğızıstan kimi türk dövlətləri həm BMT-də neytral reputasiyaya malikdir, həm də regionla tarixi-mədəni bağlara görə qəbul edilə bilən tərəflərdir. Bundan başqa, Pakistan və İndoneziyanın adı tez-tez hallanır ki, bu da missiyanın legitimliyini artırır.

Müsahibimiz hesab edir ki, türk dövlətlərinin iştirakı həm İslam dünyasının dəstəyini, həm də bölgədəki humanitar proseslərin daha şəffaf həyata keçirilməsini təmin edə bilər. Real ssenaridə türkdilli ölkələrin də içində olduğu qarışıq kontingent gözlənilir.

Azərbaycan sülhməramlılarının adı davamlı olaraq mümkün əsas qüvvələr arasında çəkilir. Bu, Bakı üçün hansı üstünlüklər və risklər yarada bilər?

Bu suala cavab verən Z.Qarayeva deyib ki, Azərbaycanın sülhməramlı təcrübəsi real döyüş zonalarında formalaşıb: İraq, Əfqanıstan və Kosovo missiyaları həm təcrübə, həm də reputasiya baxımından bizim üçün güclü baza yaradıb. ABŞ və digər Qərb ölkələri Azərbaycanın peşəkar kontingentinə etibar edir. Dediyinə görə, üstünlüyü odur ki, bu proses Bakının beynəlxalq nüfuzunu ciddi şəkildə artırar, həm də Türkiyə ilə təhlükəsizlik əməkdaşlığını gücləndirər.

Züriyə Qarayeva:  Azərbaycanın sülhməramlı təcrübəsi real döyüş zonalarında formalaşıb

Həmsöhbətimiz vurğulayıb ki, amma risklər də var:

“Qəzza hazırda ən çətin və siyasi baxımdan ən gərgin münaqişə zonasıdır. HƏMAS silahlı strukturlarının tam tərksilah edilməməsi sülhməramlılar üçün təhlükə yarada bilər. Azərbaycan ehtiyatlı və mərhələli yanaşma tələb edir”.

Gələcəkdə bu missiyanın bölgədə real sabitlik yarada biləcəyi ehtimalına gəlincə, politoloq bildirib ki, bu missiyanın uğuru üç faktordan asılı olacaq: tərəflərin siyasi iradəsi, BMT mandatının aydınlığı və missiyanın tərkibi. Əgər mexanizm yalnız atəşkəsi qorumaq üçün deyil, həm də bölgənin sosial-iqtisadi bərpası üçün işləsə, nəticə daha davamlı ola bilər. Sülh Şurasının formalaşdırılması Qəzzada idarəetmə boşluğunu qısa müddətdə dolduracaq, bu da humanitar böhranın yumşalmasına yardım edəcək.

“Lakin HƏMAS-ın statusu, İsrailin təhlükəsizlik narahatlıqları və ərəb ölkələrinin daxilolma səviyyəsi hələ də açıq suallardır. Bu səbəbdən missiya həm böyük imkanlar, həm də ciddi çətinliklərlə üz-üzə qalacaq”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov

Избранный
4
1
bakivaxti.az

2Источники