BAKI, 20 noyabr. TELEQRAF
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi (BAMF) suriyalılarla bağlı təxminən 53 min dayandırılmış işi yenidən araşdırmağa başlayıb və sığınacaq müraciətlərinin böyük hissəsinə imtina verir.
Teleqraf xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, ilk növbədə gənc və əmək qabiliyyətli kişilərin işlərinə baxılır və bu proses sürətləndirilmiş qaydada həyata keçirilir.
Suriyada Bəşər Əsəd rejiminin süqutundan və vətəndaş müharibəsinin rəsmi başa çatdırılmasından sonra BAMF prosedurları demək olar ki, bir il ərzində dayandırmışdı. Sentyabrın sonunda idarə qərarların verilməsinə yenidən başlayıb və bunu hazırkı vəziyyətin qiymətləndirilməsi olmadan, formal şəkildə edir.
BAMF-ın məlumatına əsasən, bu ilin oktyabr ayında Almaniya hakimiyyəti 3134 müraciətçidən yalnız birinə sığınacaq verib, daha doqquz nəfər əlavə qorunma alıb, altı nəfərə isə deportasiyanın qadağan edilməsi barədə qərar çıxarılıb. Bu, imtina faizinin 99%-i keçdiyini göstərir.
Miqrasiya hüququ üzrə mütəxəssislər xəbərdarlıq edirlər ki, imtinaların artması çoxsaylı məhkəmə iddialarına səbəb olacaq. Bu iddialar məhkəmə qərarınadək deportasiyanı avtomatik olaraq dayandırır. İnzibati məhkəmə imtinanı təsdiqlədiyi halda, suriyalılar 30 gün ərzində ölkəni tərk etməlidirlər. BILD yazır ki, hələ deportasiyalar faktiki olaraq həyata keçirilməsə də, Suriya vətəndaşlarının ölkədən çıxarılması üçün hazırlıqlar artıq gedir.
Qeyd edək ki, bir neçə gün əvvəl Almaniya Daxili İşlər Nazirliyinin əfqanlara Almaniyaya gəlişdən imtina etmələri üçün pul təklif etmək planının iflasa uğradığı açıqlanmışdı.