ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Trampın Venesuelaya qarşı gizli hərbi əməliyyatlar həyata keçirməsi üçün Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) səlahiyyət verdiyi iddia olunur.
Qaynarinfo-nun məlumatına görə, vəziyyətlə tanış olan mənbələr bildiriblər ki, ABŞ-ın ən böyük təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford” Karib hövzəsində yerləşdirildiyi vaxt Tramp, Venesuelaya təzyiqi artırmaq və mümkün genişmiqyaslı hərbi əməliyyata hazırlıq məqsədilə əlavə addımlar atmaq barədə qərar qəbul edib.
Mənbələr MKİ-nin ölkə daxilində planlaşdırdığı gizli əməliyyatların mümkün hərbi müdaxilə üçün zəmin yaratmağı hədəflədiyini vurğulayıb. ABŞ rəsmiləri isə Trampın, Venesuela ilə kəsilmiş arxa kanal diplomatiyasını yenidən canlandırdığını deyiblər. İddialara görə, Venesuela prezidenti Nikolas Maduro görüşlər zamanı ABŞ-yə istefaya hazır olduğunu bildirib, lakin Ağ ev bu təklifi qəbul etməyib.
MKİ-nin planlaşdırdığı "gizli fəaliyyətlər"in miqyası və vaxtı hələlik bəlli deyil. Trampın hazırda Venesuelada döyüş birliklərinin istifadəsinə icazə vermədiyi qeyd olunur. Buna görə də administrasiyanın Maduro hökumətinə artan təzyiqinin növbəti mərhələsində diversiya, kiberhücumlar, psixoloji əməliyyatlar və məlumat sızdırılması kimi addımların planlaşdırıldığı bildirilir.
Tramp hələ Venesuelaya qarşı daha geniş strategiya barədə yekun qərar verməyib və narkotik axınını dayandırmaq hədəfi dışında konkret məqsəd açıqlamayıb. ABŞ ordusu və MKİ strategiya qruplarının müxtəlif ssenarilər üzrə alternativlər hazırladığı bildirilir. Hərbi planlaşdırıcılar potensial narkotik istehsalı ilə bağlı obyektləri əhatə edən hədəf siyahıları formalaşdırır, Pentaqon isə Maduraya yaxın bəzi hərbi birliklərə qarşı mümkün hücum ssenariləri üzərində işləyir.
"New York Times”ın məlumatına görə, Tramp ötən həftə Ağ Evin böhran otağında iki ayrı iclas keçirərək Venesuela məsələsini yüksək rütbəli müşavirlərlə müzakirə edib. Adının açıqlanmasını istəməyən mənbələr MKİ-nin planlaşdırdığı gizli əməliyyatların mümkün hərbi müdaxilədən əvvəl həyata keçirilməsinin gözlənildiyini bildirib.
Ağ Ev və MKİ iddialara münasibət bildirməkdən imtina edib.
Mənbələr bildirirlər ki, Trampın MKİ-yə Venesuela daxilində bir neçə gizli əməliyyat aparmaq səlahiyyəti verməsi ilə yanaşı, ötən ay qısa müddətə dayanmış Maduro ilə arxa kanal diplomatiyası da yenidən başlayıb. İddialara görə, bu görüşlər zamanı Maduro ölkənin enerji ehtiyatlarını amerikalı enerji şirkətlərinə açmağa hazır olduğunu bildirib.
Tramp bazar günü etdiyi açıqlamada bu təmasları dolayısı ilə təsdiqləyərək deyib: "Maduro ilə bəzi görüşlər keçirə bilərik, görək necə nəticələnəcək".
İddialara əsasən, Tramp ictimai açıqlamalarda Venesuelanın narkotik ticarəti və qanunsuz miqrasiyadakı rolunu ön plana çıxarsa da, qapalı danışıqlarda ölkənin geniş neft ehtiyatları və ABŞ şirkətlərinin bu mənbələrə çıxış imkanları müzakirə olunub.
ABŞ dünyanın ən böyük təyyarədaşıyan gəmisi "USS Gerald R. Ford”u bölgəyə yerləşdirib.
Amerikalı mənbələr Venesuela rəsmilərinin, Maduronun 2–3 illik keçid dövründən sonra istefaya müsbət baxa biləcəyini ABŞ tərəfinə bildirdiklərini deyiblər. Ağ Evin isə Maduronun hakimiyyətdə qalmasının uzanmasına isti baxmadığı qeyd edilir.
Görüşlərdə iştirak edən bəzi şəxslər diplomatik həll imkanının hələ də mövcud olduğunu bildirir. Trampın bu prosesdə ABŞ şirkətlərinin neft mənbələrinə çıxışını artıracaq diplomatik razılaşmanı qəbul edə biləcəyi və Maduronun könüllü şəkildə hakimiyyətdən getməsinə şərait yaradacaq formulanı irəli apara biləcəyi və ya Maduro hakimiyyətinin güc tətbiqi ilə devrilməsi variantını nəzərdən keçirə biləcəyi qeyd olunur.
ABŞ bu çərçivədə "Cənub Nizə Hərəkatı” adlanan əməliyyatla Karib dənizinə genişmiqyaslı hərbi qüvvə göndərib. ABŞ dəniz qüvvələrinin Kariblərə yerləşdirilməsi 1962-ci il Kuba blokadasından bəri bölgəyə edilən ən böyük hərbi hərəkətlilik sayılır. "Gerald R. Ford”un həftəsonu Kariblərə çatması ilə bölgədəki hərbi personalın sayı amfibi gəmilərdəki dəniz piyadaları və Puerto Rikodakı qüvvələr də daxil olmaqla təxminən 15 minə yüksəlib.
Mütəxəssislər Ağ Evin mövcud strategiyasının əsasını Maduraya təzyiqi artırmağın təşkil etdiyini bildirirlər. Onların fikrincə, hərbi yığıncaq çoxşaxəli təzyiq mexanizminin yalnız ən görünən hissəsidir.
ABŞ Dövlət Departamenti 24 noyabrdan etibarən Venesuela mənşəli narkotik şəbəkəsi "Cartel de los Soles”i terror təşkilatı kimi tanıyacağını açıqlayıb. "Cartel de los Soles”in klassik mənada narkotik karteli olmadığı bildirilsə də, qərarın Maduro administrasiyasında yer alan şəxsləri terror təşkilatı ilə bağlı kimi təqdim etmək məqsədi daşıdığı qeyd edilib. Mütəxəssislər bu addımın həm təzyiqi artırdığını, həm də mümkün hərbi addımlar üçün zəmin formalaşdırdığını deyirlər.
NYT-yə görə, Trampın son açıqlamaları təzyiq siyasətinin davam edəcəyini göstərsə də, nəticə ilə bağlı qeyri-müəyyənliklər qalır.
Tramp bazar ertəsi etdiyi bəyanatda quru qoşunlarının Venesuelaya daxil olması ehtimalını istisna etmədiyini və Maduro ilə birbaşa danışıqlar imkanının olduğunu deyərək, "Heç bir variantı kənarda qoymuram. Tək etməli olduğumuz Venesuela ilə məşğul olmaqdır” ifadəsini işlədib.
ABŞ qüvvələrinin narkotik qaçaqçılığı etdiyini iddia etdiyi qayıqlara 21 hücum həyata keçirdiyi və bu hücumlarda azı 83 nəfərin öldüyü bildirilir. Tramp əməliyyatlar üçün kifayət qədər kəşfiyyat məlumatı olduğunu iddia edib. Rəsmilər hücuma məruz qalan qayıqların daşıdığı yüklə bağlı detallı sübut təqdim etməyiblər.
Bu əməliyyatların Konqresin icazəsi olmadan aparılması hüquq ekspertləri və Konqresdəki Demokratlar tərəfindən tənqid olunur. Tənqidlərdə, administrasiyanın cinayətkar olduğundan şübhələnilən, lakin terrorçu hesab edilməyən mülki şəxsləri hədəf aldığı qeyd edilir.
Tramp oktyabr ayında keçirilən ilk hücumlardan sonra, əməliyyatların fentanil qaçaqçılığını hədəf aldığını bildirmişdi. Lakin hərbi rəsmilərin Konqresə qapalı iclaslarda, sözügedən qayıqların fentanil deyil, kokain daşıdığını dedikləri qeyd olunub.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.