RU

Türkiyə və Gürcüstanla “sandbox” rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir

Bakı, 19 noyabr, AZƏRTAC

Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla “sandbox” rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcək. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev IX Beynəlxalq Bank Forumunda söyləyib. O deyib: “Banklar olaraq, aparılan bu islahatlardan birbaşa faydalanmaqla yanaşı, proseslərin də davam etməsini dəstəkləyirik. Belə ki, ABA və üzv təşkilatlar 2025-ci il ərzində region olaraq Qarabağdan Naxçıvana, istiqamət olaraq təchizat zəncirinin maliyyələşdirilməsindən fraud hallarının qarşısının alınmasına, sindikat kreditləşməsindən dövlət qurumlarının məlumat bazalarına inteqrasiyaya qədər 50-dən çox tədbirin yer aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət planı və layihədə aktiv töhfə verməyə çalışmışıq”.

Z.Nuriyev bildirib ki, Azərbaycan Banklar Assosiasiyası olaraq rəqəmsal ödəniş ekosisteminin inkişaf perspektivləri və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri hesab etdiyimiz islahatlara dair fikirlərimizi son dövrlərdə fərqli platformalarda səsləndirməyə davam edirik. Növbəti strateji dövrdə Mərkəzi Bankın nəzdində innovasiya habının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə “sandbox” rejimində tətbiq edilən nəzarət çərçivəsinin bir qədər yumşaldılması həyata keçirilməsini gözlədiyimiz islahatlardandır. Hesab edirik ki, qeyd edəcəyim növbəti islahatların icrası da diqqət mərkəzində saxlanılmalıdır: “İlk növbədə rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir. Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır. Diqqəti çəkən digər bir məqam isə “card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır. Mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir. Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılmasını yüksək qiymətləndiririk. Hesab edirik ki, bu islahatların davamı olaraq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Bu tip şəbəkədə aparılan əməliyyat dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı, lisenziya tələbi tətbiq edilərək əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb edilməsi təmin edilməlidir”.

 

Избранный
61
azertag.az

1Источники