İttihamlar Zelenski administrasiyasının daxilində dərin narazılıq yaradıb və ölkənin siyasi sabitliyini təhdid edir…
The Economist yazır ki, Ukraynanın dövlət nüvə energetikası şirkəti olan “Enerqoatom”da aşkara çıxarılan korrupsiya sxemi 2022-ci ildə Rusiya işğalının başlanmasından bəri ölkədə ən ciddi siyasi böhrana çevrilir. Jurnal qeyd edir ki, skandalın genişlənməsi Kremldə də məmnunluq yarada bilər. Kiyevdə olan keçmiş Avropa diplomatı və politoloq Balaж Yarobikin fikrincə, Ukrayna üçün bu hadisə artıq “çoxqatlı kaskad böhranı”na çevrilib.
Araşdırmanın mərkəzində Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) və Xüsusiləşdirilmiş Antikorrupsiya Prokurorluğu (SAP) dayanır. The Economist qeyd edir ki, istintaq orqanları Prezident Administrasiyası və Təhlükəsizlik Xidməti də daxil olmaqla bir sıra dövlət strukturlarının ciddi müqavimətinə baxmayaraq, gizli audioyazılar və müşahidə materialları əsasında 10–15% həcmdə “otkat” sxemini tam şəkildə sənədləşdirib. İstintaq nəticəsində bu korrupsiya mexanizminin mərkəzində Zelenskinin yaxın tərəfdarı hesab olunan Timur Mindıçın dayandığı müəyyən edilib. Ümumi vurulan maddi ziyan azı 100 milyon dollar olaraq qiymətləndirilir.
Prezident Volodimir Zelenski birbaşa istintaq materiallarında adı keçməsə də, onun ətrafındakı şəxslərin korrupsiya şəbəkəsində iştirakı dövlət başçısının siyasi gələcəyini risk altına qoyur. Hökumət mənbələrinin The Economist-ə bildirdiyinə görə, Zelenski ittihamların miqyası ilə tanış olanda “şok” keçirib. Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələrindən biri vəziyyəti “atom partlayışı gücündə zərbə” kimi xarakterizə edib.
Jurnal yazdığına görə, prezidentin korrupsiya sxemi barədə nə qədər məlumatlı olması hələlik aydın deyil. NABU-ya yaxın mənbə bildirib ki, Zelenski əgər sxemin miqyasını dəqiq bilsəydi, antikorrupsiya orqanlarının müstəqilliyini məhdudlaşdıran iyul ayındakı qanun dəyişikliyinə heç vaxt razılıq verməzdi. Həmin qanunun sxemdə iştirak edənlər barədə izləmə başladıqdan sonra təsadüfən gündəmə gəlməsi isə əlavə şübhələr yaradıb. Qərb tərəfdaşlarının kəskin təzyiqi və ölkədaxili etirazlardan sonra Zelenski həmin islahatı geri çəkib.
Artıq istintaq açıq mərhələyə keçdiyi üçün bəzi şübhəlilərin əlavə ifadələr verərək hökuməti daha da çətin vəziyyətə sala biləcəyi bildirilir. Zelenski artıq bir sıra fiqurlardan siyasi məsafə saxlamağa çalışır. Parlamentin enerji naziri Svetlana Qrinçukun və ədliyyə naziri German Qaluşenkonun istefası məsələsinə baxmalı olduğu iclas isə “Avropa Həmrəyliyi” partiyasının deputatları tərəfindən pozulub. Onlar bütün hökumətin istefasını tələb edir.
The Economist yazır ki, skandal Ukrayna üçün iki səbəbdən son dərəcə təhlükəlidir: birincisi, cəbhədə çətinliklər fonunda əsgərlər arasında inamsızlığı artıraraq dezertirlik halları yarada bilər; ikincisi isə dövlətin illik təxminən 100 milyard dollarlıq xarici yardımı davam etdirmək qabiliyyətini zəiflədə bilər. Bu hal Qərb paytaxtlarında ciddi narahatlıq doğurur.
Balaж Yarobik məqaləsində bildirir ki, korrupsiya istintaqı ilə dövlət qurumları arasındakı gərginlik artıq institusional böhrana çevrilib və həm Zelenskinin siyasi mövqeyini, həm də Ukrayna dövlətinin sabitliyini təhdid edir. Onun sözlərinə görə, ölkə “bir-birini gücləndirən böhran qatları” ilə üz-üzədir: cəbhədə vəziyyətin ağırlaşması, büdcə kəsirinin dərinləşməsi, dövlət idarəçiliyi institutları arasında mübarizə və korrupsiya araşdırması nəticəsində yaranan siyasi şok.
Skandalın fonunda Ukrayna hüquq-mühafizə orqanları ötən həftə korrupsiya sxemi üzrə yeddi şübhəlinin beşini saxlayıb. Timur Mindıç və pul yuyulmasında şübhəli bilinən maliyyəçi Aleksandr Tsukerman isə ölkədən qaçmağa nail olub.
Poliqon.info