RU

Azərbaycan və Mərkəzi Asiya vahid formata çevrilir

Dünyada və regionda baş verən geosiyasi proseslər yeni əməkdaşlıq modellərinin formalaşmasını zəruri edir. Bu bir həqiqətdir ki, xalqlar arasında əsrlərin sınağından çıxan mənəvi və mədəni bağlar bu gün  müasir siyasi reallıqların aparıcı xəttinə çevrilməkdədir. Məsələyə  bu kontekstdən nəzər salsaq görərik ki, Azərbaycanla Mərkəzi Asiya respublikaları arasında əlaqələr artıq  yeni tarixi mərhələyə qədəm qoyub. Qarşılıqlı münasibətlər  sadəcə ikitərəfli diplomatiyadan ibarət deyil, həmçinin vahid strateji platformaya çevrilməkdədir.

Azərbaycan son illərdə Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində çoxşaxəli və ardıcıl siyasət həyata keçirir. Bu region artıq Azərbaycan üçün strateji tərəfdaşlıq məkanına çevrilib. Prezident İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərini belə səciyyələndirib: "Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur".

Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin intensivləşməsinin ən mühüm göstəricilərindən biri yüksəksəviyyəli siyasi dialoqun dinamikliyidir. Son iki ildə dövlətimizin başçısı Mərkəzi Asiya ölkələrinə 10-dan çox rəsmi və işgüzar səfər həyata keçirib. Eyni zamanda  qardaş ölkələrin liderləri də Azərbaycana  dəfələrlə  səfər ediblər. Sözsüz ki, yaranmış isti münasibət  strateji tərəfdaşlığın sürətlə genişlənməsinə, əməkdaşlıq gündəliyinin isə daha da zənginləşməsinə təkan verir.

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət və sərmayə əlaqələri son illər xüsusi dinamika qazanıb. Ötən il ikitərəfli ticarət dövriyyəsi 3 dəfədən çox, cari ilin ilk 7 ayında isə əlavə olaraq 50 faiz artıb. Bu artım region ölkələrinin Azərbaycan iqtisadiyyatına və tranzit imkanlarına olan etimadının göstəricisidir. Eyni zamanda Azərbaycan və Mərkəzi Asiya dövlətləri tərəfindən artıq birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üçün 1 milyard dollardan artıq qarşılıqlı investisiya portfeli razılaşdırılıb. Sənaye, maşınqayırma, avtomobil və gəmiqayırma, həmçinin  kənd təsərrüfatı sahələrində də çoxsaylı layihələr icra olunmaqdadır. Mərkəzi Asiya şirkətlərinin Ələt Azad İqtisadi Zonasına marağı isə əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. 

Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından Azərbaycan əvəz-olunmaz tranzit ölkədir. Coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qlobal logistika mərkəzinə çevrilməsi heç də təzə mövzu deyil.

Bu kontekstdə Orta dəhlizin (TransXəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) rolu xüsusilə önəmlidir. Çin-Qazaxıstan sərhədindən başlayaraq, Mərkəzi Asiya ölkələrini, Xəzər dənizini, daha sonra Azərbaycan-Gürcüstan-Türkiyə marşrutunu keçərək Avropaya çıxış verən bu dəhliz ən qısa nəqliyyat yoludur. Bircə faktı qeyd etmək yetərlidir: bu marşrutla yüklər Çindən Avropaya 20-25 günə çatdırılır. Məsafə isə ənənəvi istiqamətlə müqayisədə 10 min kilometr deyil, 7 min kilometr təşkil edir. Təkcə  bu faktlar  Trans-Xəzər dəhlizinin qlobal ticarətdə nə qədər sərfəli və strateji əhəmiyyətə malik olduğunu sübut etmək üçün yetərlidir.

2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq formalaşdırıb. Regionda  sülhün və təhlükəsizliyin əsas dayağı kimi ölkəmizin nüfuzunun artması bir reallıqdır. Bu gün Azərbaycan Avrasiyanın etibarlı tərəfdaşı, enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Məhz bu sabitlik və etibarlılıq Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını daha da gücləndirir. Prezident İlham Əliyevin sözləri ilə desək: "Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır".

Mərkəzi Asiya beş ölkədən ibarət coğrafi məkan kimi tanınsa da, formalaşan yeni əməkdaşlıq modeli bu ənənəvi təsəvvürü dəyişir. Azərbaycan da Mərkəzi Asiyanın tərkib hissəsidir, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvü kimi iştirakçısı statusu qazanıb. Artıq Bakı yalnız dost və qardaş dövlətlərlə əməkdaşlığını dərinləşdirmir, həm də Mərkəzi Asiyanın institusional formatlarının, dövlət və hökumət başçıları səviyyəsində görüşlərin,  dövlət və ictimai təşkilatların forumlarının - daimi üzvü statusuna yüksəlib. Münasibətlərin bu formatda inkişafı Azərbaycanın milli maraqlarına, regional baxışına və genişlənən xarici siyasət xəttinə tam uyğun addımdır. Bundan sonra  ölkəmiz Mərkəzi Asiya çərçivəsində keçirilən tədbirlərdə iştirak etməklə artıq həm qərarvermə prosesinin, həm də əməkdaşlıq gündəminin formalaşmasında fəal rol oynayacaq. Bu isə təkcə iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə deyil, həm də siyasi koordinasiyanın dərinləşməsində yeni imkanlar deməkdir.

Bu gün Azərbaycan-Mərkəzi Asiya münasibətləri təkcə siyasi yaxınlaşma deyil, həm də tarixin çağırışlarına verilən cavabdır. Bir məkandan digərinə uzanan qədim İpək yolu bu gün yenidən canlanır, xalqlar arasında bağlar iqtisadi layihələrlə güclənir, diplomatik əməkdaşlıq isə strateji tərəfdaşlığa çevrilir. Mərkəzi Asiya ilə Azərbaycan arasında yaranan vahid format regionda dayanıqlı sabitliyin, güclü iqtisadi inteqrasiyanın və daha böyük siyasi koordinasiyanın əsasını qoyur. Bu yeni model həm regionun geostrateji çəkisini artırır, həm də gələcək nəsillər üçün daha güclü və sarsılmaz birlik vəd edir.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Избранный
38
azerbaijan-news.az

1Источники