Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata görə, ölkədə qida məhsulları üzrə illik inflyasiya 8,2%-ə çatıb. Ümumi inflyasiya isə 5,9% təşkil edir. Paralel olaraq, 2025-ci ilin ilk on ayında əhalinin hər nəfərinə düşən nominal gəlirlər 7,7% artsa da, bu artım istehlak xərclərindəki dinamika ilə müqayisədə real rifahı tam əks etdirmir.
Rəqəmlər pərakəndə ticarət sektorunda da ciddi dəyişiklikləri ortaya qoyur. Belə ki, bu ilin yanvar–oktyabr aylarında istehlakçılar ümumilikdə 52,6 milyard manatlıq mal alıb və xərclərin 50,4%-i yalnız ərzaq məhsullarına yönəlib. İnkişaf etmiş ölkələrdə isə bu göstərici təxminən 10-15% civarındadır və bu həddi aşan zaman dövlət vətəndaşlara kompensasiya ödəmə mexanizmləri tətbiq edir.
Maraqlıdır, Azərbaycanda əhalinin gəlirinin yarısının ərzağa xərclənməsi ölkəni böhrana aparırmı? Vətəndaşların ərzaq yükünü azaltmaq üçün hökumət hansı iqtisadi və sosial siyasətləri tətbiq etməlidir?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı Razi Abasbəyli bildirdi ki, inkişaf etmiş ölkələrdə praktika əsasən aqrar sektorun inkişafına və tədarük göstəricilərinin artırılmasına yönəlib:
“Daxili tədarük potensialının gücləndirilməsi ərzaq məhsullarının qiymətinin aşağı düşməsini hədəfləyir. Bununla bağlı aqrar sektora mütəmadi dotasiya ayrılır. Məsələn, Danimarka, Norveç və hətta İsraildə hökumət kənd təsərrüfatına ayrılan dotasiyalara ildə bir dəfə baxır, mövcud şəraiti qiymətləndirir və strateji proqramları tez-tez yeniləyir".