Azərbaycan Milli Depozit Mərkəzi (MDM) Tabadul layihəsi çərçivəsində Bakı Fond Birjası (BFB) və Azər Türk Bank ASC (ATB) ilə Tabadul Ticarət Mərkəzinə qoşulmaq məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Əbu-Dabi Birjası (ADX) ilə birgə Kollektiv Mübadilə Razılaşması imzalayıb.
Depozit Mərkəzinin məlumatına görə, razılaşma sayəsində Tabadul Ticarət Mərkəzi BFB və ADX arasında körpü rolunu oynayaraq hər iki birjanın üzvlərinə qarşılıqlı ticarət etmə imkanı yaradacaq. Bu həm investorlar, həm də investisiya şirkətləri üçün qarşılıqlı bazarlarda ticarət prosesinin daha sürətli, effektiv və təhlükəsiz təşkilinə imkan verəcək. MDM daxili bazarda ticarət etmək istəyən hər bir ADX üzvünə onların müştəriləri və öz hesablarına əldə etdikləri qiymətli kağızların hesablaşmalarını və saxlanılmasını həyata keçirmək məqsədilə mərkəzi depozitar sistemində müvafiq olaraq nominal saxlayıcı və depo hesabı açaraq dəstək olacaq.
İlkin mərhələdə BFB və ADX üzvlərinin Tabadul qarşısında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul hesablaşmalarının həyata keçirilməsi məqsədilə ATB hesablaşma agenti kimi təyin edilib.
Tabadul Ticarət Mərkəzinə qoşulma Azərbaycanda kapital bazarının inkişafına, bu sahədə beynəlxalq əlaqələrin gücləndirilməsinə və bazarın daha rəqabətqabiliyyətli olmasına töhfə verəcək.
