Qlobal bazardan milyonlarla litr dizel və benzin yoxa çıxıb…
Poliqon xəbər verir ki, Bloomberg-in analitikasına görə, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, eləcə də Rusiyanın enerji infrastrukturuna yönəlmiş hücumlar dünya bazarında ciddi çatışmazlıq yaradıb. Agentlik yazır ki, qlobal dövriyyədən “milyonlarla litr dizel yanacağı və benzin” çıxıb və bu, hətta dünya bazarında neft ucuzlaşmasına baxmayaraq, ABŞ-da yanacaqdoldurma məntəqələrində qiymət artımının davam etməsinə səbəb olub.
Məlumata əsasən, ABŞ, Avropa və Asiyadakı neft emalı zavodları 2018-ci ildən bəri ən yüksək rentabellik və güc ilə işləyir. Bloomberg-in danışdığı sənaye mütəxəssisləri xəbərdarlıq edirlər ki, Rusiyadan dünya bazarına neft məhsullarının tədarükünə tətbiq ediləcək yeni məhdudiyyətlər pərakəndə yanacaq bazarlarında təzyiqi daha da artıracaq.
Hazırda Rusiyanın neft məhsulları ixracının həcmi təxminən sutkada 800 min barrel təşkil edir. Qlobal dəniz ticarətində daşınan neft məhsullarının ümumi həcmi isə gündə 22 milyon barrelə yaxındır. Mütəxəssislər bildirirlər ki, bu axında baş verəcək hər hansı ciddi fasilə dünya yanacaq bazarı üçün şok olacaq. Onların sözlərinə görə, mümkün azalmaların real miqyası hələ də bəlli deyil, çünki Rusiya sanksiyalardan yayınmaq bacarığını dəfələrlə nümayiş etdirib.
Poliqon.info