“Şərurlu İsfəndiyar”ın məhkəməsində AMEA ekspertinin rəyi açıqlanıb
Minval.info xəbər verir ki, “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) məhkəməsində prosesə çağırılan AMEA mütəxəssisi rəyini açıqlayıb.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda AMEA Nəsimi adına Dilçilik İnstitutunun eksperti Nəzakət Qaziyeva təqsirləndirilənin vəsatəti əsasında prosesə qatılıb.
Məlumata görə, təqsirləndirilən tərəfin vəkili Ülvi Nəsibli İsfəndiyar Axundovun Emil Səməndərov haqqında dediklərindən sitat gətirərək ifadələrin təhqir olmadığını bildirib və bu barədə ekspertin fikrini soruşub. Zərərçəkənin vəkili Asim Abbasov isə sualın manipulyativ olduğunu deyərək etiraz edib.
Proses zamanı İsfəndiyar Axundov söz alaraq emosional danışıb:
“Həmin vaxt mənə çoxlu şikayətlər gəlirdi — biri qazi, biri şəhid ailəsi. Hamısı narazı idi, ona görə əsəbləşib bir-iki cümlə demişəm. Möhtərəm hakim, 75 yaşlı kişini məhkəmə yollarında əsir etmisiniz. Yaşımla əlaqədar hiddətlənib bir-iki söz demişəm”.
Daha sonra ekspert Nəzakət Qaziyeva təqdim olunan ifadələrlə bağlı rəyini bildirib:
“Pul yemək frazeoloji birləşmədir, ayrılmış pul vəsaitinin mənimsənilməsi deməkdir. Yeyinti sözü məcazi mənada oğurlamaq və israf etmək anlamında işlənir. İstənilən söz yerinə görə təhqir sayıla bilər, lakin bu, hüquqi baxımdan təhqir olduğu anlamına gəlmir. Bizə təqdim olunan sözləri linqivistik baxımdan təhqir yox, tənqid hesab etmək olar”.
Vəkil Asim Abbasov ekspertin rəyinə etiraz edib və onun qərəzli olduğunu deyib. O, xüsusilə İsfəndiyar Axundovun “Şərəfi və ləyaqəti olan adam şəhid, qazi ailəsini aldadarmı?” ifadəsinin təhqir olub-olmadığını soruşub.
Ekspert isə bildirib ki, bu sözün təhqir sayılması üçün konkret şəxsə yönəldilməsi şərtdir:
“Bu ifadə konkret adama ünvanlanmayıb”.
Vəkilin “Bu sözləri mənə desəniz, təhqir kimi qəbul edərəmmi?” sualına ekspert “öz üzərimə götürməyəcəyəm” cavabını verib.
Hakim ekspertə söylədiklərini rəsmiləşdirilmiş rəy formasında təqdim etməsi üçün videogörüntülərin ona verilməsi barədə qərar qəbul edib.
Proses 20 noyabr tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Emil Səməndərov İsfəndiyar Axundovu “dələduz” adlandırdığı üçün onun barəsində Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət verib.
Minval.info