Sabunçuda “Aqat” şadlıq evində istehlakçıların aldadıldığı müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağəli Məhəmməd oğlu Axundova məxsus “Aqat” şadlıq evində AQTA əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib.
Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur.