RU

“Böyük Qayıdış Azərbaycanın dövlətçilik tarixində yeni inkişaf mərhələsi açdı” - ŞƏRH EDİLDİ

"2020-ci ildən 2025-ci ilə qədər həyata keçirilən “Böyük Qayıdış” prosesi Azərbaycanın müasir tarixində ən mühüm və strateji mərhələlərdən biridir. Bu beşillik dövr təkcə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə deyil, həm də Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli birliyinin və təhlükəsizlik strategiyasının tamamilə yeni müstəviyə keçməsi ilə xarakterizə olunur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, planlı və sistemli fəaliyyətin nəticəsidir: "2020-ci ildə Qarabağ Zəfərindən sonra qarşıya qoyulan əsas məqsəd təkcə ərazilərin bərpası deyil, həm də orada davamlı həyatın bərqərar olunması idi. Bu baxımdan, 2020–2025-ci illər ərzində yolların, körpülərin, elektrik və su xətlərinin, hava limanlarının tikintisi, kənd və şəhərlərin yenidən salınması, “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi Azərbaycanın dövlət idarəçiliyi və regional inkişaf modelində keyfiyyətcə yeni mərhələ açdı. Bu proses təkcə infrastrukturun bərpası deyil, həm də sosial ədalətin bərpasıdır. Çünki 30 il doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin yenidən yurdlarına qayıtması milli həmrəyliyin, vətəndaş həmrəyliyinin ən parlaq təzahürüdür. 2023-cü ildən etibarən ilk köç dalğasının başlaması, Zəngilanın Ağalı kəndinin sakinlərinin geri dönməsi, Füzuli, Cəbrayıl və Laçında bərpa işlərinin sürətlə aparılması bu istiqamətdə əldə olunan real nəticələrdir.

"Böyük Qayıdış" həm də regionun siyasi və iqtisadi xəritəsini dəyişdirir. Azərbaycan bu proqramla Cənubi Qafqazda yeni inkişaf mərkəzi formalaşdırır, enerji, nəqliyyat və logistika layihələri vasitəsilə beynəlxalq tərəfdaşlığını gücləndirir. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında həyata keçirilən layihələr regionun gələcək 20-30 ili üçün strateji baza rolunu oynayır. 2025-ci ildən sonrakı mərhələdə əsas vəzifə köç prosesinin genişləndirilməsi, yeni sosial infrastrukturun - məktəblərin, tibb müəssisələrinin, sənaye zonalarının və turizm mərkəzlərinin tam şəkildə fəaliyyətə başlaması olacaq. Bununla yanaşı, azad edilmiş ərazilərdə demoqrafik sabitliyin təmin olunması, təhlükəsizliyin möhkəmləndirilməsi və iqtisadi özünütəmin mexanizmlərinin formalaşması prioritet istiqamətlər kimi qalacaq. “Böyük Qayıdış” sadəcə bir layihə deyil, bu, Azərbaycanın gələcək onilliklər üçün milli dirçəliş konsepsiyasıdır. Bu proses Azərbaycanın dövlətçilik tarixində “Zəfərdən quruculuğa” keçidin simvoluna çevrilib və 2025-ci ildən sonra da ölkənin strateji inkişaf yolunu müəyyən edən əsas istiqamət olaraq qalacaq".

Müəllif: Ziya Hikmətoğlu
Избранный
24
1
sia.az

2Источники