RU

MOSKVADA 4, TBİLİSİDƏ 5, BAKIDA 10 FAİZ… – Mənzilini kirayə verənlərin siyahısı tutulub

Gələn ildən Vergi Məcələsində nəzərdə tutulan dəyişikliklərdən biri də fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsinin azaldılmasıdır. Təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil 10 faiz vergi ödəyəcəklər.

İqtisadçı deputat Vüqar Bayramov bildirir ki, kirayə vergisinin azaldılması müsbət haldır, bununla belə, kirayə müqavilələrinin rəsmilləşdirilməsinin genişləndirilməsi üçün vergi dərəcələrinin daha çox endirilməsinə ehtiyac var. “Aparılan müşahidələr göstərir ki, bu mənbədən büdcəyə ödəmələr yüksək deyil. Bunun əsas səbəblərindən biri də məhz vergi dərəcəsinin yüksək olması idi”, – iqtisadçı bildirib.

Deputat hesab edir ki, bu baxımdan, kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox “ağarmasına” və büdcə daxilolmalarının artmasına səbəb ola bilər: “Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüququ şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir. Avstriyada aylıq kirayə gəliri 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur”.

V.Bayramov qeyd edir ki, kirayə vergisi dərəcəsinin azaldılması təqdir olunsa da, daha aşağı dərəcələrin tətbiqi məqsədəuyğundur. “Bu baxımdan, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təqdim etdiyim təkliflərdən biri də kirayə vergisinin 14 faizdən 5 faizə endirilməsi ilə bağlı idi. Belə dəyişiklik fiskal gəlirlərimizə neqativ təsir göstərməz, əksinə sözügedən mənbənin daha da rəsmilləşməsi dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına səbəb olardı”.

Qeyd edək ki, Azərbaycanda kirayə mənzillər daha çox Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə verilir. Digər şəhərlərdə və rayon mərkəzlərində də mənzilindən gəlir əldə edənlər var, amma bu çox kiçik dairəni əhatə edir.

Bu günə qədər vəziyyət ondan ibarətdir ki, mənzilini kirayə verənlərin əksəriyyəti kirayəşinlə müqavilə bağlayıb vergi ödəmir. Əlbəttə, ödəyənlər də var, amma bu müqavilələr real qiymətləri əks etdirmir. Bunun əsas səbəbi vergi dərəcələrinin kifayət qədər yüksək olması və vətəndaşın bu gəlir mənbəyinə “gözyummanın” tətbiq edilməsi idi. Hökumət rəsmilərinin etiraf etdiyi kimi, neft hasilatı və qiymət aşağı düşür, ÜDM yerində sayır, büdcə gəlirləri demək olar artmır. Büdcəni doldurmaq üçün alternativ mənbələrə baş vurulur. Təəssüf ki, qeyri-neft sektoru alterntiv rolu oynamaq imkanında deyil, hökumət qurumları vergiləri, rüsumları, cərimələri artırmaqla, özəl sektordan bu sayaq yeni gəlir mənbələri yaratmaqla büdcəni doldurmaq niyyətindədir.

 

Vergi xidməti hüquq-mühafizə orqanlarının köməyi ilə bu ildən paytaxtda və iri şəhərlərdə kirayədə olan mənzilləri müəyyənləşdirib. Artıq qurumun əlində konkret siyahı və proqnozlaşdırılan gəlir rəqəmləri var. Gələn ildən kirayə müqavilələrinin bağlanması ilə bağlı əhaliyə müraciət olunacaq və qısa müddət sonra vergidən yayınanlara qarşı tədbirlər görüləcək.

Kirayə vergilərinin 14 faizdən 10 faizə endirilməsi güzəşt kimi görünsə də, əslində əhalinin real gəlirləri ilə tərs mütənasibdir. Qeyd olunduğu kimi, bu rəqəm Rusiya, Gürüstan və bəzi Avropa ölkələrində tətbiq olunan vergi dərəcələri ilə müqayisədə 2, 2.5 dəfə yüksəkdir. Maraqlıdır, bu dəyişikliyi edən qurumlar nədən xarici təcrübəyə göz gəzdirmək istəməyiblər?

Görünür, məmurlarda əminlik var ki, hüquq-mühafizə orqanlarının dəstəyi ilə “problemi” yoluna qoymaq çətin olmayacaq. Amma bu, onların düşündüyü qədər asan məsələ deyil, yəqin ki, kirayə müqaviləsi bağlamaqdan yayınmağın müxtəlif yolları yenə tapılacaq. Bununla bərabər kirayə qiymətlərinin yüksəlməsi də qaçılmazdır. Bütün hallarda əziyyət çəkən yenə vətəndaş olacaq… 

Избранный
16
6
veteninfo.az

10Источники