Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi təyyarədə şəhid olan Hava Qüvvələri Astsubay Başçavuş Ramazan Yağızın iki il əvvəl kök hüceyrə (sümük iliyi) donoru olaraq bir xərçəng xəstəsinin həyatını xilas etdiyi ortaya çıxıb.
Milli.Az xəbər verir ki, şəhidin xəbəri doğulduğu Harmancık rayonunun Çatalsöğüt kəndindəki ailəsinə, eləcə də anasının yaşadığı Bursa şəhərinin Osmanqazi rayonundakı evinə çatdırılıb.
Hər iki məhəllə Türkiyə bayraqları ilə bəzədilib.
Ramazan Yağızın iki qız atası olduğu, atasını kiçik yaşda itirdiyi və liseyi bitirdikdən sonra orduya qoşulmağa qərar verdiyi bildirilib.
Məlum olub ki, şəhid Başçavuş Ramazan Yağız təxminən 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru kimi qeydiyyata alınıb.
2023-cü ilin iyun ayında Ankara Bilkent Şəhər Xəstəxanasında müalicə alan xərçəng xəstəsi ilə onun uyğun donor olduğu müəyyən edilib və nəql əməliyyatı uğurla həyata keçirilib.
Ramazan Yağız bu hadisədən sonra Səhiyyə Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib və o, sevincini sosial mediada belə paylaşmışdı:
"Təxminən 10 il əvvəl mənə 'kök hüceyrə (sümük iliyi) donoru olmaq istəyirsinizmi?' sualı verilmişdi, mən də 'bəli' dedim.
10 il sonra, bu ilin mart ayında mənə bir xərçəng xəstəsi ilə uyğun olduğum bildirildi. Müxtəlif testlərdən sonra iyun ayında Ankara Bilkent Şəhər Xəstəxanasında nəql əməliyyatı baş tutdu.
3 aydan çox davam edən müalicə müddətinin sonunda xəstənin sağaldığını və evə buraxıldığını öyrəndim.
Səhiyyə Nazirliyinin qərarına əsasən, xəstəni tanımıram, amma çox xoşbəxtəm. Allah heç kimi ümidini itirəcək xəstəliklə sınağa çəkməsin."
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)