RU

“Öldürülmüş Minsk Qrupunun” 3 həmsədr ölkəsinin heç biri 8 noyabr paradında təmsil olunmadı... Niyə?


İbrahim Rüstəmli: “Bəzi dövlətlərin nümayəndələrinin, rəhbərlərinin bu tədbirə qatılmamasının siyasi tərəfləri var”

Vətən müharibəsində əldə edilən qələbənin 5-ci ildönümü ilə bağlı Bakının Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızıstan Özbəkistan, Slovakiya, Serbiya rəhbərliyi iştirak etdi. Hansı səbəbdən Avropanın Almaniya, Fransa, Belçika, Hollandiya, Norveç, İsveç, Çexiya və digər dövlətləri paradda iştirak etmək üçün təşəbbüs göstərmədilər?

Paradda iştirak edənlərin, bu məqsədlə paytaxt Bakıya gələnlərin heç də hamısını Azərbaycan özü dəvət etməmişdi, özü təşəbbüs edənlər də var idi. Avropadan Serbiya, Slovakiya kimi ölkələrin siyasi hakimiyyətindən gələnlər oldu. Ancaq məsələn, Fransadan, Hollandiyadan niyə gəlmədilər?

Xüsusilə artıq tarixin arxivinə gömülən ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən heç kim gəlmədi. Xəcalətlidilər. Çünki 30 il bu münaqişəni həll etmədilər.

“Azərbaycana münasibətdə qeyri-obyektiv, qeyri-konstruktiv mövqe tutan dövlətlər ki var, onlar bu paradda iştirak etmədilər”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, paradlarda iştirak dövlət rəhbərləri arasında razılaşdırılmış şəkildə müəyyən dəvətlər, müəyyən çağırışlar, təkliflər əsasında olur. “Bu, əsas mahiyyət etibarı ilə daxili auditoriya üçün nəzərdə tutulmuş böyük və əhəmiyyətli bir dövlət tədbiridir. Bu tədbirdə hansısa bir dövlətin rəhbərliyinin, nümayəndəsinin iştirak edib-etməməsi müəyyən səbəblərlə bağlı ola bilər. Tutaq ki, hansısa ölkənin rəhbəri başqa bir tədbirdə iştirak səbəbindən gəlməyə bilər. Digər biri səfərdə ola bilər. Bu hərbi paradda hansısa dövlətin iştirak etməməsinin elə də prinsipial bir əhəmiyyəti yoxdur. Bununla belə, bəzi dövlətlərin nümayəndələrinin, rəhbərlərinin bu tədbirə qatılmamasının siyasi tərəfləri var. Xüsusilə Minsk Qrupu həmsədrlərinin - üç ölkənin bu paradda iştirak etməyəcəyi gözlənilən idi. Çünki bu tədbirdən çox-çox əvvəl Minsk Qrupunun üç həmsədri Azərbaycana gəlmişdi və Azərbaycan Prezidenti onları qəbul edərkən birmənalı və birbaşa dedi ki, mən sizi Bakıya dəvət etməmişəm, siz niyə gəlmisiniz, bir halda ki, gəlmisiniz, məqsəd və məramınızı bəyan edin. Çünki Minsk Qrupunun həmsədr ölkələri 30 ildən çox bir müddət ərzində Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir prinsipial addım atmadılar. Əgər xatırlayırsınızsa, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində dedi ki, Minsk Qrupunun həmsədrləri Bakıya turist kimi gəlib-gedirlər. Bəli, 30 il müddətində onlar çox səmərəsiz şəkildə gəlib-getdilər, amma çox ağır günlər yaşayan ölkəmiz, xalqımız üçün heç bir prinsipial iş görmədilər. Onlar bura gələndə də cənab Prezident dedi ki, mən sizi Bakıya dəvət etməmişəm, sizə, dünya birliyinə çox çağırışlar etdim...

Ümumiyyətlə, bu məsələlərin arxasında çox ciddi məqamlar dayanır”.

İ.Rüstəmli qeyd etdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı BMT dörd qətnamə qəbul etdi, bu qətnamələrin və rəsmi sənədlərin icrası havadan asılı, kağız üzərində qaldı. İ.Rüstəmlinin sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin problemi həll etmək səlahiyyətləri olduğu halda onlar bu münaqişəni “konservləşmiş” şəkildə saxlamağa cəhd göstərdilər. “Nəhayət, Azərbaycan dövləti Minsk Qrupunun da, dünya birliyinin də, BMT-nin də, Avropa İttifaqının da görməli olduğu işi təkbaşına özü həll etdi. Yəni Avropa İttifaqının Azərbaycanla Ermənistan sərhədində “binokl siyasəti”ndən xəbərimiz var. Bu qurumun 50-dən çox nümayəndəsi Ermənistan ərazisindən Azərbaycan ərazisini binoklla müşahidə edir. Bu məsələyə münasibət bildirən cənab Prezident ironiya ilə dedi ki, əlinə binokl alıb sən mənim ölkəmi niyə Ermənistandan izləyirsən, elə mənim ölkəmə gəl və ölkəmin içindən bax. Bəyəm sizi Azərbaycana buraxmırlar? Prezidentin bu fikirləri tamamilə haqlıdır.

Yəni bunun müxtəlif səbəbləri var. Hər dövlət başçısının öz qrafikinin olduğu məlumdur. Onların qrafiklərinə hörmətlə yanaşmaq da borcumuzdur, gərgin iş qrafiki səbəbindən bəzi dövlətlər paradda iştirak etməyə bilərdilər. Bu aydın məsələdir. İkincisi, bu məsələ bəzi dövlətlərin Azərbaycana münasibəti ilə bağlıdır. Yəni Azərbaycana münasibətdə qeyri-obyektiv, qeyri-konstruktiv mövqe tutan dövlətlər ki var, onlar bu paradda iştirak etmədilər. Heç etməsinlər də. Çünki Azərbaycan heç buna ehiyac da duymur. Müharibə dövründə də bizə yaxın olan Pakistan, Türkiyə və başqa dövlətlər vardı. O ölkələrin hamısı paradda iştirak etdilər, paradımız da çox yüksək səviyyədə keçdi. Mən bu paradı Azərbaycanın hərb həyatında, hərbi parad tarixində ən mükəmməl və ən yüksək səviyyədə təşkil olunmuş, ən uğurlu paradlardan biri hesab edirəm. Azərbaycan Cənubi Qafqazda sözünü demiş, yeni geosiyasi reallıqlar yaratmış, ən əsası, Cənubi Qafqaza sülh gətirən, bölgədə əmin-amanlıq yaradan dövlətdir. Bu dövlətin bizi istəməyən dövlətin paradda iştirakına ehtiyacı yoxdu”-deyə bildirən İ.Rüstəmli qeyd etdi ki, bu gün dövlətimizin əsas missiyası sülhü qorumaqdır, hərbi paradın keçirilməsi də bu məqsədi daşıyırdı.

İradə SARIYEVA

Избранный
49
baki-xeber.com

1Источники