RU

Azərbaycan derbisini kölgədə qoyan QÜVVƏ

"Qarabağ" və "Neftçi" arasında baş tutan 100-cü derbi arxada qaldı.

Bu dəfə "Azərsun Arena"da keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Öncədən matçla bağlı gözləntilər böyük idi.

Ötən illərlə müqayisədə nisbətən dirilən, özünə gələn "Neftçi"nin nəhayət əzəli rəqibi önündə diş göstərəcəyi gözlənilirdi.

Amma "Çelsi" ilə döyüşdən böyük güc itirərək çıxan yarımcan "Qarabağ" yenə istədiyi nəticəni sonda təmin etdi.

90 dəqiqə ərzində xüsusilə qonaqların ifasında derbilərə xas olmayan çox sayda yersiz top itkiləri gördük, texniki səhvlərə şahidlik etdik.

Sərt mübarizələrdən isə söhbət gedə bilməz.

Əksinə Kənan Piriçdən Abubakara kimi hamı meydana sanki məğlub ruhiyyədə çıxmışdı.

Nə "Roma" təcrübəsi olan Mustafa Sek, nə Fransa Liqa 1-dən gələn Sako, nə də milli üzvü Elvin Bədəlov özünə bənzəmədi.

Varqas, Faraj, Metyu, Ribeyro kimi adlar da daha çox kölgədə qaldı.

Belədə hansı derbi ruhundan danışmaq olar?

Yox, olar...

Azarkeşlər. Yaxşı ki, tribunaları dolduran 5000-ə yaxın tamaşaçı vardı.

Hər iki tərəfin fanatları möhtəşəm dəstəklə yadda qaldılar.

Məhz onların varlığı meydanda derbinin olmasını xatırladırdı.

90 dəqiqə keçən sönük, məzmunsuz, mübarizəsiz oyun da onların əhvalını pozmadı.

Start fitindən final fitinə kimi ruhlarını, sevgilərini ortaya qoydular.

Bir sözlə, fanatlar meydandakı komandaları, oynadıqları oyunu kölgədə qoymağı bacardılar.

XANOĞLAN / SPORTİNFO.AZ

Избранный
23
sportinfo.az

1Источники