RU

"Faktlar danışır, reallıq göz qabağındadır" - ŞƏRH EDİLDİ

"Qayıdış prosesi sürətlə gedir və özü də artan templə davam edir. Hər keçən ay görürük ki, Qarabağa və Şərqi Zəngəzura qayıdan, orada daimi məskunlaşan keçmiş məcburi köçkünlərin sayı durmadan artır. Əgər əvvəllər biz 3.000, 5.000, 10.000 nəfərin geri dönüşündən danışırdıqsa, artıq son mərhələdə cənab Prezident İlham Əliyev 60.000 nəfərin doğma yurdlarına qayıtdığını bəyan etdi. Bu isə o deməkdir ki, bu rəqəmlə kifayətlənilməyəcək və proses daha da sürətlənəcək". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Sözümün canı odur ki, Azərbaycan öz torpaqlarına sahib çıxır və dünyaya bu torpaqların əsl sahibinin kim olduğunu qətiyyətlə nümayiş etdirir. Bu gün azad edilmiş bölgələrdə aparılan quruculuq və bərpa işləri, müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin dirçəldilməsi və insanların doğma yurdlarına qayıtması Azərbaycanın gücünü və iradəsini bir daha göstərir. Artıq oraya gələn-gedən xarici qonaqlar da bunu dərhal hiss edir, gördüklərini sosial şəbəkələrdə paylaşaraq vurğulayırlar ki, ermənilər 30 il ərzində işğal etdikləri bu torpaqlara bir nəfər belə yerləşdirə bilməyiblər. Halbuki Azərbaycan cəmi 5 il ərzində 60 min insanı doğma torpaqlarına geri qaytara bilib və bu proses dinamik şəkildə davam edir. Bu, təkcə bir qayıdış prosesi deyil, həm də ədalətin bərpası, milli qürurun və birlik ruhunun təntənəsidir. Biz bu torpaqlara sahib çıxmaqla həm tariximizə, həm şəhidlərimizin ruhuna, həm də gələcək nəsillərimizə borcumuzu yerinə yetiririk. Əminəm ki, dünya ictimaiyyəti də bu reallığı açıq şəkildə görür və Azərbaycanın bölgədə yaratdığı sabitlik, inkişaf və sülh modelini yüksək qiymətləndirir.

Ermənistanın əsassız və mənasız təbliğatı isə bu reallıqlar qarşısında tamamilə puç olur. Çünki bu gün faktlar danışır - Azərbaycan öz suverenliyini bərpa edib, torpaqlarına həyat, insan və gələcək qaytarır".

Müəllif: Günel Fərzəliyeva
Избранный
27
sia.az

1Источники