Göyçay rayonuna yeni icra başçısı təyin edilib.
Musavat.com-un məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək, Göyçay rayonunda icra başçısı təyin edilib.
Qeyd edək ki, Orxan Çingiz oğlu Mürsəlov 1986-cı ilin iyulun 26-da Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub.
1993–2004-cü illərdə Bakı şəhərindəki 95 saylı orta məktəbdə təhsil alıb.
2008-ci ildə Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib.
2008–2010-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub.
2010–2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (MBA) biznesin idarə edilməsi – marketinq ixtisası üzrə magistr dərəcəsi alıb.
2010–2022-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi və ərazi-təşkilat məsələləri şöbələrində müxtəlif məsul vəzifələrdə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 11 avqust tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Azərbaycan, türk, ingilis və rus dillərini bilir.
Şahanə Rəhimli
Musavat.com