RU

Bu qərar böyük tarixi və siyasi məna daşıyır - Mehriban Vəliyeva

Azərbaycan Respublikasının Konstitusiyası – dövlət müstəqilliyimizin, suverenliyimizin və hüquqi dövlət quruculuğunun möhkəm təməlidir. 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən bu mühüm sənəd xalqımızın tarixi dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərinin və müasir sivilizasiyanın demokratik prinsiplərinin vəhdətindən doğmuşdur. Konstitusiyamızın müəllifi və baş memarı, müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyev bu sənədi müasir Azərbaycan dövlətçiliyinin ideya-siyasi və hüquqi əsasını təşkil edən tarixi hadisəyə çevirmişdir.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali məqsədlərini, idarəçilik prinsiplərini və vətəndaşların əsas hüquq və azadlıqlarını müəyyənləşdirmiş, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün sabit və dayanıqlı hüquqi baza formalaşdırmışdır. Məhz bu sənədin qəbul edilməsi ilə Azərbaycan cəmiyyəti yeni mərhələyə – müstəqillik, qanunun aliliyi və insan hüquqlarının üstünlüyü prinsiplərinə əsaslanan idarəetmə sisteminə keçid etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlətin əsas qanunu qəbul edilə bilməmişdi. Azərbaycanın konstitusiya quruculuğu tarixi 1921-ci ildə qəbul edilmiş ilk Azərbaycan SSR Konstitusiyasından başlayır. 1937 və 1978-ci illərdə yeni redaksiyalarla qəbul edilən SSRİ dövrü Konstitusiyaları formal olaraq dövlətin əsas qanunu funksiyasını daşısa da, real müstəqil dövlətçilik prinsiplərini əks etdirmirdi. Bununla belə, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusunun verilməsi tarixi və siyasi baxımdan son dərəcə mühüm hadisə olmuş, milli kimliyimizin qorunmasına xidmət etmişdir.

Müstəqillik dövründə yeni Konstitusiyanın hazırlanması zərurəti 1991-ci il 18 oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında təsbit edilmişdi. Lakin 1991–1993-cü illərdəki siyasi qeyri-sabitlik və idarəetmədəki xaos səbəbindən bu istiqamətdə ciddi irəliləyiş əldə edilməmişdi. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə sabitlik və qanunçuluğun bərpasını təmin etməklə yanaşı, dövlətin gələcək inkişafını təmin edəcək Əsas Qanunun hazırlanmasını prioritet məsələ kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə yaradılmış Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu nəticəsində seçicilərin 91,9 faizi tərəfindən təsdiq edildi. 27 noyabr 1995-ci ildən qüvvəyə minən bu sənəd müasir dövlətçiliyimizin hüquqi bünövrəsini formalaşdırdı.

Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük tarixi xidmətlərindən biridir. Bu sənəd insan hüquq və azadlıqlarının təminatına, hakimiyyət bölgüsünün prinsiplərinə, dövlətin idarəçilik sisteminin demokratik əsaslarda təşkilinə yönəlmiş kompleks hüquqi çərçivə yaratdı. Əsas Qanunun qırx səkkiz maddəsinin insan hüquq və azadlıqlarına həsr olunması onun humanist mahiyyətini və beynəlxalq hüquqi prinsiplərlə səsləşməsini təsdiq edir.

Müstəqil Azərbaycanın Konstitusiyası hüquqi dövlət quruculuğunun müasir meyillərinə əsaslanaraq, yeni hüquqi institutların yaranmasına zəmin yaratdı. Bu baxımdan 1998-ci ildə fəaliyyətə başlayan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi dövlətin hüquqi sistemində mühüm yer tutdu.

1997-ci ildə qəbul edilən “Konstitusiya Məhkəməsi haqqında” Qanun və Ulu Öndərin imzaladığı müvafiq Fərman bu orqanın müstəqilliyini təmin etdi və konstitusion ədalət mühakiməsi institutunu dövlət hakimiyyətinin əsas dayaqlarından birinə çevirdi.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunduğu gündən etibarən dövrün tələblərinə uyğun olaraq daim təkmilləşdirilmişdir. Sosial-siyasi reallıqlar və idarəetmə sisteminin müasirləşməsi zərurəti nəticəsində 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə Əsas Qanuna mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklər idarəetmədə səmərəliliyin artırılması, vətəndaşların sosial təminatının möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının daha dolğun qorunması məqsədlərinə xidmət etmişdir. 2016-cı ildə qəbul edilmiş dəyişikliklər çərçivəsində yaradılan Birinci vitse-prezidentlik institutu isə müasir dövlət idarəçiliyi modelinin mühüm elementi kimi ölkəmizdə siyasi sabitliyin və strateji idarəetmənin güclənməsinə töhfə vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasi-hüquqi mirası inkişaf etdirərək, Konstitusiyanın aliliyinin təmin olunmasını dövlət idarəçiliyinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. Prezidentin sözləri ilə desək, “Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır". Bu yanaşma Azərbaycanın siyasi sistemində qanunun aliliyini və hüquqi sabitliyi təmin edən əsas prinsip kimi qalmaqdadır.

Azərbaycan dövlətçiliyinin 30 illik müstəqillik dövründə Konstitusiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə güclü hüquqi dövlət, sabit siyasi sistem və inkişaf etmiş vətəndaş cəmiyyəti formalaşmışdır. Konstitusiyanın müddəaları dövlətin strateji istiqamətlərini – müstəqilliyin qorunmasını, ərazi bütövlüyünün təminini, demokratik idarəetməni, bazar iqtisadiyyatının inkişafını və insan hüquqlarının müdafiəsini təmin edir.

2020-ci ildə Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə və 2023-cü il antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyamızda təsbit edilmiş prinsiplərin reallığa çevrildiyini sübut etdi. Məhz bu səbəbdən Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar həm Konstitusiyamızın 30 illiyinin, həm də Vətən müharibəsində Qələbəmizin 5 illiyinin qeyd edilməsi baxımından böyük tarixi və siyasi məna daşıyır.

Həmçinin 2025-ci ildə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalı təsis olunmuşdur. Bu medal Konstitusiyanın hazırlanması, təkmilləşdirilməsi və təbliğinə, hüquqi sistemin inkişafına, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və insan hüquqlarının müdafiəsinə mühüm töhfələr vermiş şəxslərə təqdim edilir.

Azərbaycan Respublikasının Konstitusiyası bu gün də milli dövlətçilik ideologiyasının, hüquqi mədəniyyətin və demokratik inkişafın bünövrəsini təşkil edir. O, həm xalqın iradəsini ifadə edən ali hüquqi sənəd, həm də dövlətin siyasi fəlsəfəsinin ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin dərin zəkası, uzaqgörənliyi və siyasi iradəsi nəticəsində qəbul edilmiş bu sənəd Azərbaycan dövlətinin sabitliyini, suverenliyini və gələcəyə inamını təmin edən əbədi hüquqi dayağa çevrilmişdir.

Mehriban Vəliyeva

Milli Məclisin deputatı

Избранный
12
2
modern.az

10Источники