RU

"Euronews" Zəfərin beşinci ildönümünə həsr olunan paradan reportaj hazırlayıb - VİDEO

BAKI, 11 noyabr. TELEQRAF

"Euronews" telekanalı Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin 5-ci ildönümü münasibətilə Bakıda Azadlıq meydanında keçirilən hərbi paraddan reportaj hazırlayıb.

Teleqraf xəbər verir ki, materialda Azərbaycan Prezidenti İlham Əliyevin paradda səsləndirdiyi bəyanatlar xüsusi yer alıb. Qeyd edilir ki, qələbə strateji iqtisadi və hərbi nailiyyətlərin nəticəsi olub və Qarabağın bərpası üçün zəmin yaradıb.

Prezident İlham Əliyev həmçinin münaqişə zamanı dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Pakistan Baş naziri Şahbaz Şərifə təşəkkürünü bildirib. Paradda ilk dəfə Pakistan hərbçilərinin iştirak etdiyi vurğulanıb.

"Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür", – materialda Azərbaycan liderinin sözləri sitat gətirilib.

Türkiyə Prezidenti isə bildirib ki, Vətən müharibəsi Asiya və Avropadakı geosiyasi tarazlığı dəyişib və bölgədə yeni dövrün başlanğıcını qoyub:

"Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin təkrar yaşanmasına imkan verərik. Bu Zəfəri son nöqtə deyil, Qafqazda davamlı sülhə aparan yolun təməl daşı kimi qiymətləndiririk. Qafqazda sülhün təmin olunması Asiyadan Avropaya qədər bütün regionun rifahına xidmət edəcək".

Materialda həmçinin Prezident İlham Əliyevin noyabrın 6-da Bakıda NATO nümayəndə heyəti ilə görüşünə diqqət çəkilib. Görüşdə dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını və bu çərçivədə Türkiyə ordusu ilə əməkdaşlığın davam etdiyini vurğulayıb.

"Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əsas hədəfi - işğal altında olan torpaqların azad olunması - həyata keçirilib və ordunun modernləşdirilməsi prosesi bundan sonra da davam edəcək", – "Euronews" qeyd edib.

Telekanal həmçinin xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ikitərəfli əlaqələrin bərpasına yönəlmiş mühüm sənəd imzalayıblar.

"Ağ Ev bildirib ki, razılaşma çərçivəsində ABŞ həmçinin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) adlı tranzit dəhlizinin inşasına dəstək göstərəcək. Bu dəhliz Naxçıvanla birbaşa quru əlaqə təmin edir, Türkiyə ilə əlaqələri gücləndirir və müharibədən sonrakı nailiyyətlərin möhkəmləndirilməsinə xidmət edir. Həmçinin, bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi rolunu artırır", – materialda qeyd olunub.

Избранный
35
teleqraf.com

1Источники