“Milli komandadan gözləntilərimiz böyükdür”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssis DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – İslandiya oyunu ilə bağlı fikirlərini bölüşüb:
“Son oyunlar onu göstərdi ki, yığmaya milli ruh qayıdıb. Bu baxımdan İslandiya ilə qarşılaşma olduqca önəmlidir. Öz azarkeşlərimiz önündə vacib xalları əldə etməklə qrupda üçüncü yer uğrunda mübarizəni davam etdirə bilərik. Ən vacibi odur ki, son oyunların davamı kimi əzmkar kollektivi bu matçda da görmək istərdik”.
O bildirib ki, İslandiya ilə qarşılaşmada əldə olunacaq müsbət nəticə gələcəyə nikbin baxmağa zəmin yarada bilər: “Son oyunlarda komanda Ayxan Abbasovun rəhbərliyi altında ümidverici oyun sərgiləməklə komanda ruhunu, mübarizliyi ortaya qoydu. Bu da onu göstərir ki, məşqçi heyəti komandanın bütün niyyətini birləşdirib rəqibdən asılı olmayaraq, mübarizəyə qoşulur.
Biz ağır məğlubiyyəti yaddan çıxarmamışıq. Ayxan Abbasovun rəhbərliyi altında ilk qələbənin də şahidi olmaq istərdik. Azarkeşlər yaxşı nəticələr üçün darıxıb”.
Qeyd edək ki, Azərbaycan - İslandiyə oyunu noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda baş tutacaq. Qarşılaşma 21:00-da start götürəcək.