RU

Əməkdar jurnalist Xalid Kazımlının 60 yaşı tamam oldu

Musavat.com xəbər verir ki, Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, tanınmış yazıçı və publisist, əməkdar jurnalist, Yeni Müsavat Media Qrupu rəhbərinin müavini Xalid Kazımlı 60 yaşını qeyd edir. Bu münasibətlə onun uzun illər yol və iş yoldaşı olmuş Rauf Arifoğlu dəyərli qələm sahibini səmimi sözlərlə təbrik edib.

Rauf Arifoğlu bildirib ki, Xalid Kazımlı Azərbaycan mətbuatının düşünən beyinlərindən, sözün gücünə və sənətinə sadiq qalan yaradıcı şəxsiyyətlərdəndir. O, təkcə jurnalist yox, həm də dövrün yaddaşına çevrilmiş yazı adamı, söz ustası və milli dəyər daşıyıcısıdır.

Xalid Kazımlı Füzuli torpağının övladı, işğal illərinin acısını, yurdsuzluğunu, ailəsinin və soydaşlarının taleyinə yazılmış ağır yükü yaşayan və bu ağrını yazıya, sözə, publisistikaya, kitaba çevirən nadir imzalardandır. O, illər boyu (27 il) Qarabağın və Füzulinin səsini yaşadan, işğala qarşı milli dirəniş düşüncəsini gücləndirən qələm sahiblərindən biri olub. Xalid Kazımlı işğal illərində işğala təslim olmamaq haqqında yüzlərlə məqalə yazıb, Azərbaycan oxucusunun timsallnda xalqımızı gələcək zəfərlərə inandırmaq üçün əlindən və ruhundan gələni edib.

Rauf Arifoğlunun sözlərinə görə, 2020 və 2023-cü illərdə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlər yalnız ölkənin ərazi bütövlüyünü bərpa etmədi: "Dövlətimiz həm də Xalid Kazımlı kimi yüz minlərlə Qarabağlı insanımızı bütövləşdirdi. Onların ruhi və mənəvi birliyini tamamladı: yarımçıq qalmış arzularınl gerçəkləşdirdi, dualarını müstəcəb etdi. Onların yurduna, kimliyinə, mənəvi bütövlüyünə dönüş sevincini yaşatdı".

“Biz Xalid bəy ilə gənclik illərində, tələbəlikdə tanış olmuşuq. Onun 20-yaşında, düz 40 il öncə Gəncədə başlayan tələbə dostluğumuz zamanla bir həyat yoluna çevrildi. Hərəkatda, mətbuatda, partiyada, "Yeni Müsavat"da çiyin-çiyinə çalışdıq, eyni sözün, eyni amalın adamı olduq. Bu dostluq 40 ilin yaddaşını, qəlb birliyini və yol yoldaşlığını təmsil edir,” – deyə Rauf Arifoğlu qeyd edib.

O, Xalid Kazımlının düşüncə mədəniyyətini, daxili alicənablığını, yazı üslubunun dərinliyini və mənəvi dayanıqlığını yüksək qiymətləndirib:

“Onun böyük zəkası, təmiz ürəyi və yazan əlləri var olsun. Azərbaycan jurnalistikası Xalid Kazımlı kimi qələm adamları ilə yaşayır və davam edir.”

Rauf Arifoğlu sonda əziz dostuna ürək dolusu sevgi və hörmətlə belə bir arzu ünvanlayıb:

“Allahdan diləyirəm ki, Xalid Kazımlının ömrünün yarısı hələ qarşıda olsun. O, yenə yazsın, yenə danışsın, yenə yol göstərsin. Doğum günün və 60 illik yubileyin mübarək, əziz dostum!”

Yeni Müsavat Media Qrupunun kollektivi əziz Xalid bəyi ürəkdən təbrik edir, ona uzun, sağlıqlı və uğurlu ömür arzulayır.

Musavat.com

Избранный
58
musavat.com

1Источники