RU

Sarsılmaz qardaşlıq NÜMUNƏSİ – Azərbaycan, Türkiyə və Pakistan birliyinin STRATEJİ GÜCÜ

Xəbər verdiyimiz kimi noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirildi. Hərbi paradda iştirak etmək üçün qardaş ölkələrin liderləri - Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana gəldilər. Üç ölkə liderinin bir araya gəlməsi tarixi dostluğun və əbədi qardaşlığın nümunəsi kimi yadda qaldı.

Sarsılmaz qardaşlıq

Hər kəsin xatirindədir ki, 44 günlük müharibə dövründə Azərbaycanın bütün bölgələrində Azərbaycan, Türkiyə və Pakistan bayraqları yanaşı asılırdı. Evlərin eyvanını, avtomobillərin arxa şüşələrini, iaşə obyektlərini hər üç dövlətin bayraqları bəzəyirdi.
 

Bu sevgi isə təsadüfi deyildi. Çünki İkinci Qarabağ savaşında Azərbaycan təkcə Ermənistanla yox, həm də 30 il ərzində ermənilərə arxa duran qlobal güclərlə döyüşürdü. Belə bir döyüşdə isə ordumuzun qəhrəmanlığı ilə yanaşı, siyasi dəstək, diplomatik mübarizə böyük önəm daşıyırdı.


Şanslıyıq ki, belə çətin sınaq dövrdə Azərbaycan dövlətinin və xalqının inandığı iki dövlət var idi - Türkiyə və Pakistan. Məhz 44 günlük müharibə dövründə hər iki dövlət bütün instansiyalarda və platformalarda Azərbaycanın maraqlarından çıxış etdi. Aparıcı dövlətlərin ermənipərəst siyasətinin neytrallaşdırılması və hətta üçüncü ölkənin bu müharibədə iştirakına əngəl olması üçün çox güclərini səfərbər etdilər.

Müharibə günlərində istər beynəlxalq təşkilatların, istərsə də böyük dövlətlərin məsələyə ən azından bitərəf münasibət göstərməsi üçün Türkiyə və Pakistan çox böyük fədəkarlıqlar göstərdilər.

Bu mənada 44 günlük müharibədə qazandığımız zəfərdə Türkiyə və Pakistanın da önəmli siyasi və diplomatik payı var. Ona görə də o gündən bu günə Azərbaycanın hər guşəsində Azərbaycan bayrağı ilə Türkiyə və Pakistanın bayraqları da dalğalanır.

Birlikdən doğan güc

Nəzərə alaq ki, 44 günlük müharibədə Azərbaycan öz ərazi bütövlüyünü təmin etsə də, bütün ərazilərimizdə suveren hüquqlarımız tam bərpa olunmamışdı. Suverenliyimizin tam bərpası üçün bizi həm Ermənistanla, həm də beynəlxalq güclərlə çətin mübarizə gözləyirdi. Təbii ki, bu çətin yolda Türkiyə və Pakistanın yanımızda olacağına şübhə yox idi. Bu inamımız bizi yanıltmadı.

Bəzi böyük güclərin Qarabağdakı separatçılara açıq dəstəyinin zəiflədilməsi və daha sonra neytrallaşdırlımasında Azərbaycan diplomatiyasının qətiyyəti ilə yanaşı Türkiyə və Pakistanın prinsipiallığı və davamlı mübarizəsi də öz sözünü demiş oldu.

Nəticədə 2023-cü ilin sentyabrında Azərbaycan bütün ərazilərində öz suveren hüquqlarını bərpa etdi.

Heç kəs unudulmur, heç nə yaddan çıxmır!

Azərbaycan işğaldan azad etdiyi ərazilərin bərpası zamanı məsləhətləşmələr apardığı ilk ölkələr də Türkiyə və Pakistan oldu. Bu mənada 2025-ci ilin 25 sentyabrında Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü tarixi əhəmiyyət kəsb edir. Azad Laçında bir araya gələn üç ölkənin liderləri təkcə böyük qələbinin uğurlu nəticələrini müzakirə etmədilər, həm də birgə fəaliyyət proqramını ortaya qoydular.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirdi:
 

“Beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm”.


Bu fikirlər həm də onu göstərdi ki, Azərbaycan, Türkiyə və Pakistan birliyinin daha böyük hədəfləri var. Bu hədəflər üç ölkənin birgə addımlamasıyla xalqlarımızın və dövlətlərimizin daha da inkişafına kömək etməklə yanaşı, İslam aləminin və Türk dünyasının birliyinə daha böyük töhfələr verməkdir.

“Müdafiə sahəsində əməkdaşlıq gücləndiriləcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz bu faktoru önə çəkərək bildirdi ki, ölkələrimiz Avropa ilə Asiyanın kəsişmə nöqtəsində, son dərəcə strateji bir bölgədə yerləşir:

“Üçtərəfli əməkdaşlığımızın təşkilatlanması üçün qarşıdakı dövrdə xarici işlər nazirlərimiz zəruri işləri həyata keçirəcəklər. Xüsusilə ortaq gündəmimizi formalaşdıran ticarət, investisiyalar, nəqliyyat, enerji, müdafiə sənayesi və terrorla mübarizə kimi sahələrdə ölkələrimizin ortaq baxışını əks etdirən güclü bir çərçivə hazırlayacaqlar.

Türkiyə, Azərbaycan və Pakistan olaraq, mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər səviyyəsində toplantılar təşkil etməklə əməkdaşlığımızı institusional səviyyəyə çatdıracağıq. Müdafiə sahəsində əməkdaşlığımızı dərinləşdirib terrorla mübarizə və transsərhəd təhdidlərə qarşı ortaq qətiyyətimizi davam etdirəcəyik. Ticarətin asanlaşdırılması, investisiyaların təşviqi və rəqəmsal transformasiya sahələrində müştərək addımlar atmağı hədəfləyirik”.

Yeni geosiyasi reallıqlar çərçivəsində əməkdaşlığın önəmi

Pakistanın baş naziri Şahbaz Şərifsə bəyan etdi ki, bu günkü dünyamızda ciddi çağırışlar, silahlı münaqişələr, iqlim dəyişikliyi, xəstəliklər və iqtisadi böhranlar mövcuddur:

“Bu səbəbdən ölkələrimiz bir araya gələrək münaqişəni rədd edir və mərhəməti seçir. Biz əminik ki, səbir və müdriklik nəticə etibarilə qalib gələcək və firavanlığı təmin edəcək.

Bugünkü təlatümlü dünyada siyasi və təhlükəsizlik arxitekturaları, bağlantı layihələri və aparıcı texnologiyalar yeni reallığı şərtləndirir. Belə bir şəraitdə Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var. Siz əzəmətli qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüdsüz olaraq sizə etibar edirik”.

Azadlıq meydanından dünyaya mesajlar

Üç ölkə liderinin Laçında səsləndirdiyi fikirlərdən bir daha aydın oldu ki, Azərbaycan-Türkiyə-Pakistan birliyi regional inkişafa, beynəlxalq aləmdə sülhə və qarşılıqlı etimada hesablanıb.
 

Noyabrın 8-də növbəti dəfə bir araya gələn üç ölkə liderləri bir daha dünyaya göstərdi ki, bəyan edilən hədəflərə çatmaq üçün Azərbaycan, Türkiyə və Pakistan qətiyyətli addımlar atmağa qadirdi. Bunun üçün hər üç dövlətin kifayət qədər iqtisadi və hərbi gücü var.


Bu mənada 8 noyabr hərbi paradı təkcə Ermənistan üzərində qələbənin yubiley tədbiri deyil, həm də dünyaya yeni mesajların verildiyi platforma idi.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
47
bizim.media

1Источники