Ağ Evdə ABŞ Prezidenti Donald Trampla suriyalı həmkarı Əhməd Əl Şaraa arasında görüş başlayıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.
Daha əvvəl SANA dövlət agentliyi xəbər verib ki, Suriya lideri bazar ertəsi Ağ Evdə ABŞ-dən olan həmkarı Donald Trampla görüşəcək. ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tom Barak Əl Şaraanın Vaşinqtona gözlənilən səfərini ilk dəfə 1 noyabrda Bəhreyndə keçirilən Manama dialoqu çərçivəsində açıqlayıb. O, Suriyanın ABŞ-nin rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə aparan koalisiyaya qoşulmağı gözlədiyini bildirib.
Suriya lideri əvvəllər də ABŞ-yə səfər edib. Onun səfəri bu ilin sentyabrında BMT Baş Assambleyasının (BA) 80-ci sessiyasında iştirakı çərçivəsində baş tutub.
Qeyd edək ki, Əhməd Əl Şaraa hakimiyyətə gəlməmişdən əvvəl “Heyət Tahrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasının lideri olub. Həmin dövrdə ABŞ onun başına 10 milyon dollar qoymuşdu. Əhməd Əl Şaraanın yerini deyən şəxsə bu qədər mükafat veriləcəkdi. O, Suriyada hakimiyyətə gələndən sonra Vaşinqton bu qərarı ləğv edib. (Report)
Telegram kanalımız