Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Mədəniyyət Nazirliyinin Bayraq Günü ilə bağlı paylaşımı sosial şəbəkədə geniş müzakirələrə və tənqidlərə səbəb olub. Səbəb dövlət bayrağımızın dalğalanan formada fotosunda 8 guşəli ulduzun təhrif olunmuş şəkildə görüntüsüdür. Vətəndaşlar dövlət atributunun bu formada təhrif olunmuş halda görüntülənməsini məqbul saymır və rəsmi qurumun belə bir paylaşım etməsinin düzgün olmadığını bildirirlər. Fərqli düşünənlər də var, onların fikrincə, bayraq dalğalanan haldadırsa rəmzlərin təhrif olunmuş görünməsi təbiidir, əslində isə hamı rəmzlərin necə olduğunu bilir. Mədəniyyət Nazirliyində də əlbəttə bunu bilməmiş deyillər, ulduz 5, yoxsa 8 guşəlidir.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında qeyd etdi ki, bayraq dalğalanarkən təhrif olunmuş görüntü effekti yaranması təbiidir. Lakin:
- 9 noyabr xüsusi, özəl, xalqımızın, dövlətçiliyimizin tarixində önəmi, əhəmiyyəti böyük, əlamətdar bir gündür. Dövlət qurumları belə bir gündə təbrik paylaşımları yayır. Amma paylaşım edərkən diqqətli olmaq mütləqdir. Paylaşım edərkən onun görüntüsünə, hansı təsir bağışlayacağına diqqət edilməlidir. Dalğalanan zaman görüntünün dəyişməsi, rəmzlərin təhrif olunmuş görünməsi ola bilər. Amma dövlət qurumu, nazirlik buna diqqət etməli, dövlət rəmzinin tam, aydın, düzgün təsvir olunmuş variantda fotosunu paylaşmalıdır. Biz bilirik bayrağımızın rəmzləri nədir, necədir. Amma bir əcnəbi bunu yanlış anlaya, onda yanlış təsəvvür, yanlış informasiya formalaşa bilər. Ona görə də təkcə əlamətdar günlərdə deyil, ümumiyyətlə hər zaman dövlət rəmzlərinin görüntüsü paylaşılarkən düzgünlüyünə diqqət edilməlidir. Bu, vacibdir. Mən Mədəniyyət Nazirliyinə bu məsələdə tənqidi yanaşanları təqdir edirəm. Qeyd edək ki, sosial şəbəkədə tənqidlərdən sonra Mədəniyyət Nazirliyi bayram təbrikindəki görüntünü dəyişərək başqa foto ilə əvəzləyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.