"40 gün davam edən rekord "shutdown" sona yaxınlaşır..."
ABŞ Senatı uzunmüddətli "shutdown"ı dayandıran qanun layihəsini qəbul etdi
CNN-in yazdığına görə, ABŞ Senatı hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini 60 səslə dəstəkləyib, 40 senator isə əleyhinə çıxış edib. Bu sənəd hökumətin fəaliyyətini bərpa etməyə və ABŞ tarixində ən uzun - artıq 40 gün davam edən "shutdown"ı (ABŞ hökumətinin işinin dayandırılması-red.) dayandırmağa imkan verəcək.
Qanun layihəsinin qüvvəyə minməsi üçün növbəti mərhələdə Nümayəndələr Palatası onu təsdiqləməlidir. Bundan sonra sənəd prezident Donald Trampın imzasına göndəriləcək. Proses bir neçə gün çəkə bilər.
Senat daha əvvəl 13 dəfə bu sənədi razılaşdıra bilməyib - demokratlar səsverməni bloklayır, səhiyyə subsidiyalarının artırılmasını tələb edirdilər. Lakin bu dəfə bir qrup demokrat blokadan imtina edərək respublikaçılarla birlikdə qanun layihəsinin irəliləməsinə səs verib.
Federal qurumlara maliyyələşdirmə və sosial proqramların bərpası
Razılaşma bir neçə mühüm bəndi əhatə edir. Bəzi nazirliklər, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi növbəti maliyyə ilinin sonuna qədər tam maliyyələşmə alacaq. Digər federal qurumlar 30 yanvara qədər əvvəlki maliyyə səviyyəsində fəaliyyət göstərəcək. Demokratlara kompromis olaraq, respublikaçılar dekabrda səhiyyə subsidiyalarının uzadılması ilə bağlı ayrıca səsvermə keçirməyə razılaşıb.
Tramp administrasiyasının "shutdown" dövründə həyata keçirdiyi federal işçilərin kütləvi ixtisarlarının heç olmasa bir hissəsi ləğv olunacaq. Aztəminatlı ailələr üçün ərzaq yardımı proqramının maliyyələşməsi də təmin edilir. Prezident Donald Tramp jurnalistlərə açıqlamasında bildirib: "Görünür, "shutdown"ı bitirməyə yaxınlaşırıq. Bunu çox tez bir zamanda biləcəksiniz".
NATO ölkələrinə və Ukraynaya silah satışları dayandırılıb
"Axios" nəşrinin verdiyi məlumata görə, ABŞ hökumətinin bağlanması səbəbi ilə NATO müttəfiqlərinə və Ukraynaya 5 milyard dollardan çox dəyərində silah satışı müvəqqəti olaraq dayandırılıb.
Söhbət aşağıdakı silah sistemlərindən gedir: AMRAAM raketləri, "Aegis" müdafiə sistemi, HIMARS çoxnöqtəli raket buraxılış qurğuları. Silahların son ünvanı rəsmi olaraq açıqlanmır, lakin qeyd olunur ki, NATO ölkələrinə satılan silahlar tez-tez Ukraynaya dəstək məqsədilə yönləndirilir.
Senatın qərarı ABŞ hökumətinin fəaliyyətinin bərpa olunmasına və sosial proqramların maliyyələşdirilməsinə yol açır. Bununla yanaşı, bu addım beynəlxalq təhlükəsizlik məsələlərinə də təsir edəcək, xüsusilə NATO ölkələrinə və Ukraynaya silah tədarükünün yenidən başlaması gözlənilir.