ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərə çempionatının 11-ci turunun mərkəzi oyununda ''Mançester Siti'' son çempion ''Liverpul''u qəbul etdi. ''Real'' üzərində qələbəyə baxmayaraq enişdə olan ''qırmızılar'' bu matçda autsayder hesab olunurdular. Proqnozlar doğruldu və ''Siti'' prinsipial rəqibini 3:0 hesabı ilə darmadağın etdi. Hətta hesab 0:0 olarkən Georgi Mamardaşvilinin penaltini dəf etməsi də qonaqları ruhlandırmadı. Premyer-liqada ardıcıl 4-cı səfər oyununda məğlub olan mersisaydlılar turnir cədvəlində 8-ci pilləyə gerilədilər. Komandanın sonuncu dəfə belə bərbad seriyası 2012-ci ildə Kenni Dalqlişin başçılığı altında olmuşdu. ''Opta''nın superkompyuterinin hesablamasına görə ''Liverpul''un çempionluğu qorumaq şansı cəmi 9 faizdi. Halbuki 5-ci turda sonra bu rəqəm 60-a bərabər idi! ''Liverpul''a qarşı 4 oyunluq qələbəsiz seriyaya son qoyan ''Siti'' 2-ci pilləyə yüksələrək lider ''Arsenal''ın əsas izləyicisinə çevrildi. Onlar arasında 4 xallıq fərq var. Bu dəfəki qələbə Qvardiola üçün xüsusi əhəmiyyət kəsb edirdi. Çünki o, məşqçi karyerasında yubiley - 1000-ci oyununu keçirdi! Bu 1000 qarşılaşmadan onun çalışdırdığı klublar 716 qələbə, 156 heç-heçə, 128 məğlubiyyətlə ayrılıblar. Qvardiolanın məşqçi karyerası ərzində 40 titul qazandığını nəzərə alsaq, o, orta hesabla hər 25 oyuna bir titul qazanıb! 54 yaşlı mütəxəssis daha öncə ''Barselona B'', ''Barselona'' və ''Bavariya''nı çalışdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.